“Ermənistan cinayətləri xüsusi tədqiqat obyektlərimiz arasındadır”
    • 1-03-2023, 18:14
    • 180

“Ermənistan cinayətləri xüsusi tədqiqat obyektlərimiz arasındadır”

“Xocalı qətliamı mətbuat və media orqanlarının işıqlandırılması ilə dünyanın gözü qarşısında baş verən əngəl tanımayan faciə kimi tarixə düşdü. Azərbaycan türklərinin Qərbi Azərbaycanda,  Zəngəzurda, Qarabağda, Xocalıda, Ağdamda yaşadıqları bütün ağrılar Türkiyə və Azərbaycan xalqlarının ortaq ağrısı kimi yaddaşlara həkk olundu”.

News24.az xəbər verir ki, “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Ankaradakı nüfuzlu düşüncə mərkəzi olan Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəhbəri, diplomat Alev Kılıç bu fikirləri bildirib.

“Biz Türkiyə mətbuatını araşdırarkən 26 fevral 1992-ci il Xocalı qətliamının o dönəm kifayət qədər işıqlandırılmasına rast gəlmədik. Bunun səbəbi nə ola bilər?” sualımıza cavabında Alev Kılıç bildirib ki,  sovet İttifaqı dağılarkən Ermənistanın dəstəklədiyi separatçı silahlı birləşmələrin Qarabağda Azərbaycan türklərinə qarşı həyata keçirdiyi qırğınlar hər zaman Türkiyəni yaxından maraqlandırıb, ancaq o dövrdə Sovet İttifaqının parçalanması prosesi ilə bağlı informasiya axınında müəyyən fasilələr yaranıb: “Türkiyə bu prosesləri yaxından izləməyə çalışıb. Dövrün aparıcı qəzetlərinin əksəriyyəti Xocalıda Ağdamda baş verənləri manşetlə işıqlandırırdı. Türkiyə mətbuatı prosesləri yaxından izləsə də, o dövrdə Sovet İttifaqının parçalanması prosesi ilə bağlı informasiya axınında fasilələr yaranıb. Bölgədən daha müfəssəl xəbərlər və fotolar gələndən sonra Türkiyə ictimaiyyəti Xocalı hadisələrinin ağırlığından xəbər tutdu”.

Fevralın 26-na qədər davam edən prosesdə erməni separatçılarının təxminən 7000 nəfərin yaşadığı Xocalı şəhərini 1991-ci ilin sonundan 1992-ci il fevralın 26-dək blokadada saxladığını xatırladan diplomat deyib ki, bütün bunlar Ermənistanın xaricdən xüsusi dəstək alması sayəsində mümkün olub: “Xocalının ətrafındakı bütün kəndləri və yolları bağlayan erməni qüvvələri qəsəbənin digər vilayətlərlə yol əlaqəsini kəsərək insanları aclıq və soyuğa məhkum ediblər. Həmin dövrdə görülənlər, gözlənildiyi kimi, Qarabağdakı erməni separatçılarının təkbaşına təşkil edə biləcəyi hadisə deyildi. Əslində, separatçıların xüsusən də Ermənistan dövlətindən fərqli dəstək alması, beynəlxalq ictimaiyyətin baş verənlərə səssiz qalması hamıya məlumdur. Ermənistan illərdir məsuliyyəti öz üzərinə götürməkdən yayınsa da, 2020-ci ildə Qarabağ işğaldan azad edildikdən sonra imzalanan müqavilə, bu ölkənin münaqişənin birbaşa tərəfi olduğunu etiraf etməsi deməkdir”.
 
Xocalıda baş verənlərin tarixə qara ləkə kimi düşdüyünü və insanlığa qarşı cinayət olduğunu vurğulayan Alev Kılıç bu hadisəni Türkiyə və Azərbaycanın ortaq ağrısı adlandırıb: “Türkiyə Azərbaycanın bu məsələdə haqqını sübut edəcək və ədalətin təmin olunmasına xidmət edəcək hər addımda həmişə olduğu kimi yenə də qardaş ölkənin yanında olmağa davam edəcəkdir”.

Araşdırmaçı-diplomat onu da qeyd edib ki, AVİM-in tədqiqat apardığı sahələr arasında Qafqaz regionuna xüsusi diqqət ayrılıb: “Yalnız Xocalı ilə bağlı deyi, Zəngəzur məsələsi, Birinci və İkinci Qarabağ müharibəsi, savaşdan sonrakı proseslər üzrə analizlər aparılır, elmi məqalələr dərs olunur. Bundan əlavə AVİM-in nəzdində  Ermənistan üzrə araşdırmalar var, “Erməni araşdırmaları icmalı” (Review of Armenian Studies), “Beynəlxalq Cinayətlər və Tarix” (International Crimes and History) akademik jurnallarımız da nəşr olunur ki, nəşrlərdə bu sahələr üzrə ekspertlərin təhlilləri, məqalələri yer alır”.

Sevil Hilalqızı Ünal, Ankara