"İranın təxribat xarakterli bu addımları ancaq öz əleyhinə işləyir"
    • 13-03-2023, 15:07
    • 214

"İranın təxribat xarakterli bu addımları ancaq öz əleyhinə işləyir"

"İran sərhədlərimiz üzərində qırıcılar qaldırmaqla, həm beynəxalq qanunları, həm də hər iki ölkə arasındakı razılaşmaları pozub. Təbii ki, İranın bu addımı yolverilməzdir". 

Bu fikirləri News24.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan deyib. O qeyd edib ki, İranın bu addımı Azərbaycan Respublikasına qarşı açıq təhdiddir. 

"İranın təxribat xarakterli bu addımları ancaq öz əleyhinə işləyir. Güc nümayiş etdirmək, eyni zamanda Ermənistanın sülh meyllərinin qarşısını almaq və Azərbaycan üzərinə qaldırmaq niyyətinin təzahürüdür. İran nə islam dəyərlərinə, nə qonşuluq haqlarına riayət edir. Azərbaycanın düşmənlərinə ağır zərbə vurması, Ermənistanı defakto ağır durumda qoyaraq öz haqlı maraqlarını diktə etməsi, qəbul etdirməsi və beynəlxalq güclərin də bununla hesablamasını İran özünə təhdid hesab edir. Gah İsraillə Azərbaycan arasındakı münasibətləri əsas gətirərək özü-özünü qorxudur və sərsəm açıqlamalar verir, gah da Ermənistanı açıq-aşkar revanşizmə səsləyir, silah verir".

Politoloq daha sonra bunları əlavə edib:

"Ölkəmizdə İranın din pərdəsi altında gizlənən bəzi qollarına qarşı dövlətin təmizləmə əməliyyatları aparması, agentura şəbəkəsinin ifşa edilərək zərərsizləşdirilməsi də İranın xəyanətkar qonşumuz olduğunu bir daha sübut edir. Yanlış siyasət yürüdən İran daxilində narazı xalqın tələblərini yerinə yetirmək əvəzinə qonşusuna qarşı bu cür düşmən mövqe tutması, İranın 70 faizinin də türk kökənli xalqlar olmasını hesaba almaması özlərinin sonunu gətirə bilər. Azərbaycana qarşı güc nümayiş etdirən İran Qarabağ torpaqları işğal olunanda, müsəlman xalqımız soyqırımına məruz qalanda bircə dəfə Ermənistana qarşı nəinki güc nümayiş etdirdi, əksinə işğalçıya, aqressora maddi, mənəvi və hərbi dəstək verdi".

Aynurə Pənahqızı