İrəvanın “humanitar yardım” şousu nəyə hesablanıb? - Süni gərginliyin PƏRDƏARXASI
    • 29-07-2023, 16:22
    • 364

İrəvanın “humanitar yardım” şousu nəyə hesablanıb? - Süni gərginliyin PƏRDƏARXASI

“Ermənistanın sərhəddə təşkil etdiyi “humanitar yardım” şousunun əsas məqsədi Azərbaycana qarşı beynəlxalq təzyiqi gücləndirmək və Laçın postunun açılmasına nail olmaqdır”. 

Bu sözləri News24.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı dedi.

O, bildirdi ki, Azərbaycan Ağdam marşrutunu təklif edir, bununla yanaşı, Laçın sərhəd-keçid məntəqəsini erməni əhalisinin keçidi, eləcə də xəstələrin daşınması üçün açıq saxlayır:

“Bakının bu addımı İrəvana beynəlxalq müstəvidə istədiyini əldə edə bilməsinə mane olur. Çünki "Laçın postu bağlıdır" deyə bilmirlər və Erməni əhalisinin “humanitar fəlakət” yaşaması kimi gülünc iddialarını irəli sürəndə Ağdam marşrutu alternativ olaraq qarşılarına çıxır. Ermənistan yükləri sərhədə toplamaqla göstərmək istəyir ki, Laçın postu bağlıdır. O cümlədən, bununla Ağdam marşrutunu arxa plana keçirməyə çalışırlar. Bu prosesdə bölgədə maraqları olan və bu maraqları Qarabağ üzərindən həyata keçirmək istəyən qüvvələrin də iştirak etdiyi müşahidə edilir”.



A.Nərimanlı qeyd etdi ki, Qərbdə Fransa başda olmaqla bəlli qüvvələr Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasının qarşısını almaq və separatizm kartını saxlamaq üçün bu oyuna dəstək verir:

“Eyni zamanda Rusiyanın da maraqları burada uzlaşır. Moskva görüşündə Rusiya Qarabağdakı erməni əhalisinin gələcəyinin Azərbaycan qanunvericiliyi çərçivəsində müəyyən edilməsini nəzəri olaraq qəbul etdi, lakin praktiki müstəvidə həyata keçirilməsinin mümkünsüz olduğunu göstərməkdə maraqlıdır, bununla sülhməramlıların mövcudluğunun vacibliyini nümayiş etdirir”.

Ekspert hesab edir ki, proseslərə baxdıqda Laçın postunun qarşısında nümayiş etdirilən yardım şousunda Ermənistanla yanaşı, Qərbin müəyyən qüvvələri və Rusiyanın da maraqlı olduğunu deyə bilərik: 

“Bütün cəbhələrin uzlaşdığı nöqtə Ağdam marşrutunun işləməməsi və erməni əhalisinin reinteqrasiyasının qarşısını almaqdır. Bununla Qarabağı bölgədəki maraqları üçün kart olaraq saxlamağa çalışırlar”.

Akqabay Mıradov