"Mariya Zaxarovanın etirafları İlham Əliyevin dünənki müsahibəsinə bir jestdir" - POLİTOLOQ
    • 2-08-2023, 18:38
    • 309

"Mariya Zaxarovanın etirafları İlham Əliyevin dünənki müsahibəsinə bir jestdir" - POLİTOLOQ

"Azərbaycan ərazisində yaşayan ermənilər qanunlarımıza riayət etməli, onlara göndərilən yüklər isə müvafiq qaydada razılaşdırılmalıdır". 

Bu fikirləri News24.az-a siyasi ekspert Bəhruz Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərdə qanunsuz yüklərin daşınmasına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bu faktı Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın da etiraf etməsi Azərbaycan Prezidentinin dünənki müsahibəsində Rusiyanın lehinə səsləndirdiyi fikirlərə görə bir jest olsa da, məsələnin ciddiliyindən xəbər verir:

"Bu məsələdə ölkəmiz qəti, o cümlədən ədalətə və beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirir. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, Azərbaycan ərazisində yaşayan ermənilər də digər vətəndaşlarla eyni hüquqlara malikdirlər və Azərbaycan qanunlarına uyğun davranmalıdırlar. Bu yaxında Nikol Paşinyanın özü də Qarabağda yaşayan ermənilərə müraciət etdi. O, dedi ki, sizin iki yolunuz var: ya Azərbaycan qanunları ilə razılaşıb orada yaşayacaqsınız, ya da oranı tərk edəcəksiniz. Deməli, bu məsələdə həm Rusiyanın, həm də Ermənistan rəhbərliyinin  mövqeyi bizimlə eynidir. Müharibədən sonra qəbul olunmuş üçtərəfli bəyanatın ardınca sülh danışıqları qəbul olunmuş sənədlər üzrə aparılır. Hesab edirəm ki, bu proses tezliklə bizim üçün çox uğurlu şəkildə başa çatacaq".

Fərid Azəri