"Hakim Rəşad Dağlıya cəza verərkən uşaqlarını nəzərə alıb..." - ŞƏRH
    • 3-08-2023, 17:21
    • 664

"Hakim Rəşad Dağlıya cəza verərkən uşaqlarını nəzərə alıb..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay azadlıqdan məhrum edilib. Prosesdə məşhur meyxanaçı övladlarının ödənişli məktəbdə təhsil alması və onların başsız qalmaması üçün əfv olunmasını xahiş edib.

Mövzu ilə bağlı News24.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirdi ki, qəsdən adam öldürmə cinayəti xüsusilə ağır cinayətdir, çünki maddənin sanksiyasında yuxarı hədd 14 ildir:
"Qəsdən törədilməsinə görə, on iki il və ya daha  ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Xatırlatmaq istəyirəm ki, "Əfvetmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli, 538 nömrəli Fərmanı vardır. Həmin  fərmanın 2-ci hissəsinin 8.3-cü bəndinə əsasən, ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən  əfvlə bağlı müraciət edilə bilər.

Hazırki dövrdə isə cəza müddətinin yarısını çəkmədiyi üçün şəxs əfvlə bağlı müraciət etməsi məqsədəmüvafiq deyil. Müraciət etsə belə təmin edilməyəcəkdir. Şəxs yalnızca cəza müddətinin azaldılması üçün birinci instansiya məhkəməsinin hökmündən narazı qalaraq apellyasiya şikayəti verə bilər".

Mövzu ilə bağlı açıqlama verən vəkil Babək Qocayev bildirdi ki, Rəşad Dağlının vəkilinin “övladları azyaşlıdır və özəl məktəbdə oxuyur. Onun uşaqlarını himayə edən yoxdur” deməsi meyxanaçısnı məsuliyyətdən azad etmir.  Sadəcə olaraq, hakim tərəfindən cəza təyin edilərkən şəxsin ailə vəziyyəti nəzərə alınaraq cəzası yüngülləşdirilir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(AR CM) 59-cu maddəsində cəzanı yüngülləşdirən hallardan biri kimi cinayət törətmiş şəxsin himayəsində azyaşlı övladının olmasıdır:

"Əlavə olaraq, “İsgəndər Mehdiyevin ailə üzvləri də barışıq əldə edilib. Ona görə də xahiş edirəm Rəşad Dağlıya həbs olmayan cəza verilsin”-ifadəsi də qəbuledilməzdir, belə ki, AR CM-nin 120.1-ci maddəsi qəsdən adam öldürməyə görə ancaq bir cəza növü var, o da azalıqdan məhrumetmədir. Yalnız, hakim tərəfindən cəza təyin edilərkən, azyaşlı övladlarının olması səbəbindən maddənin sanskiyasında nəzərdə tutulan cəzanın ən aşağı həddi qismində Rəşad Əmirova 9 il 6 ay azalıqdan məhrumetmə cəzası təyin edilməklə, ona hakim tərəfindən övladlarına görə humanistlik göstərilib".

Hüquqşunas qeyd etdi ki, Rəşad Əmirovun etdiyi hərəkərt şüurlu surətdə törədilən qəsdən adam öldürmədir. AR CM-nin 120.1-ci maddəsinə əsasən, “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

"Bundan əlavə onun əməlində AR CM-nin 228.4-cü maddəsinin tərkib hissəsi-yəni, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla- bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".

Daha sonra meyxanaçının amnistiyaya düşməsi, əfv olmasına da toxunan vəkil vurğuladı ki, bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkumun barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ var: 

"Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər".

Aydan Beydullayeva