İrana casusluq edən iki nəfərin məhkəməsi BAŞLADI
    • 16-08-2023, 17:13
    • 282

İrana casusluq edən iki nəfərin məhkəməsi BAŞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində İrana cəsusluqda təqsirləndirilən Arif Rəsulov və qardaşı oğlu Elnur Rəsulovun cinayət üzrə məhkəməsi prosesi başlayıb.

News24.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosessdə Arif Rəsulovun vəkili vəsatət qaldırıb. O bildirib ki, A. Rəsulovun əməlində cinayət tərkibi yoxdur. Vəkil onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib. 

Vəsatət təmin olunmayıb və iş məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası avqustun 30-a təyin edildi.

Qeyd edək ki, ötən ili noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.

Araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

Samir Əli