Soçidə mühüm görüş: Masada Qarabağdır! - Türk GENERAL
    • 4-09-2023, 13:35
    • 241

Soçidə mühüm görüş: Masada Qarabağdır! - Türk GENERAL

“Bu gün Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq danışıqlar zamanı digər məsələrlə yanaşı, Qarabağ məsələsi də masada olacaq”.

Bunu News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Soçi görüşünün iki əsas mövzusu var: “Birincisi, Türkiyə-Rusiya münasibətləridir. İkinci əsas mövzu isə regional və qlobal problemlərdir. Türkiyə və Rusiya arasındakı münasibətlərlə bağlı detalları açıqlamağa gərək yoxdur. Amma regional mənada müzakirə ediləcək əsas mövzulardan biri Qarabağ məsələsidir. Rəsmi İrəvanın sülh müqaviləsinin imzalanması prosesindən qaçması mütləq masada olacaq”. 

Y. Karauz iki liderin müzakirə edəcəyi digər məsələlərə də toxunub: “Eyni zamanda, əsas məsələlər “Taxıl dəhlizi”, Suriyada meydana çıxan proseslər, bu kontekstdə Qərbin müdaxiləsinin qarşısını almaqdır. Putinlə tək görüş imkanı olan və Qərbin onunla bir araya gələn tək lider olaraq Rəcəb Tayyib Ərdoğanın həyata keçirəcəyi görüş tarixi əhəmiyyət kəsb edir. Çünki Soçidə qida təhlükəsizliyi, Suriya, Liviya məsələləri, Rusiya-Ukrayna müharibəsi, bu savaşla bağlı atəşkəs danışıqları müzakirə olunacaq. Buna görə də tarixi önəmə malikdir. Hesab edirəm ki, başda qida təhlükəsizliyi, Qarabağda üçtərəfli sazişin şərtlərinin yerinə yetirilməsi mövzusu da daxil olmaqla, müsbət irəliləyişlər olacaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə yola düşüb.

Akqabay Mıradov