NATO-nun məkrli Ermənistan PLANI - ŞƏRH
    • 5-09-2023, 15:36
    • 246

NATO-nun məkrli Ermənistan PLANI - ŞƏRH

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fellinger Ermənistanı Alyansa üzv olmağa çağırıb. O bildirib ki, ABŞ Prezidenti Cozef Bayden Ermənistanı müdafiə edəcək. Ermənistanın NATO-ya daxil olması nə dərəcədə realdır? NATO-nun əsas söz sahiblərindən olan, həmçinin Azərbaycanın strateji müttəfiqi Türkiyənin buna münasibəti necə olar? 

Mövzu ilə bağlı News24.az-a danışan siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Fellingerin çağırışını informasiya savaşının elementlərindən biri kimi dəyərləndirmək olar.

“Əks-təqdirdə çox fərqli və Fellingerin özü üçün qeyri-ciddi bir mənzərə yaranır. Ermənistanın formal da olsa bir dövlət olaraq mövcudluğunu, onun xronki mərkəzdənqaçma meyllərinə baxmayaraq, hələlik Rusiyanın orbitində qala bilməsi təşkil edir. NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fellingerin çağırışını, qənaətimə görə, indiki halda informasiya savaşının elementlərindən biri kimi dəyərləndirmək olar.

Ermənistanın qonşuluğunda yerləşən yeganə NATO ölkəsi Azərbaycanın strateji müttəfiqi Türkiyədir. Azərbaycanla sülh müqaviləsi imzalamadığına və qonşu dövlətlərə ərazi iddialarını davam etdirdiyinə görə, Türkiyənin sərhədləri Ermənistanın “üzünə” bağlıdır. Ermənistanın digər qonşusu – Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı, bənzər provokotiv bəyanatlar və çağırışlar ucbatından kifayət qədər acı təcrübəsi var. İran bütün uğursuz, bölgənin inkişafına maneə yaradan manevrlərinə baxmayaraq,  xüsusilə də ənənəsi və sabit siyasi xətti olmayan Ermənistanın NATO-ya üzvlüyündə maraqlı ola bilməz. Azərbaycanla bağlı məsələ isə aydındır, bu barədə heç danışmağa da dəyməz. Yəni bölgənin siyasi xəritəsi, nəinki yaxın, hətta uzaq perspektivdə belə Ermənistanın NATO-ya üzv ola biləcəyini şübhə altına alır”.

E.Mirzəbəyli qeyd edib ki,  Baydenin Ukraynanı necə müdafiə etdiyi göz qabağındadır: “Halbuki, hazırda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi BMT Nizamnaməsinə və digər beynəlxalq sənədlərə uyğu  olaraq, təcavüz sayılır. Ermənistan isə 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayıb və hələ də, əsassız ərazi iddialarını davam etdirməklə yanaşı, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçılara dəstək verir. 

Əgər Bayden belə məharətlidisə, buyursun, vaxtilə təmsil etdiyi dövlətin Ukraynanın ərazi bütövlüyünə təminat verməsi ilə bağlı öhdəliyini yerinə yetirsin”. 

Siyasi şərhçinin sözlərinə görə, NATO təmsilçisinin bəyanatının reallığı nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək üçün Avrasiyanın siyasi xəritəsinə nəzər salmaq, açıq resurslardakı göstəriciləri müqayisə etmək yetərlidir. 

“Ermənistan, yalnız bir halda NATO-ya üzv ola bilər - əgər ABŞ və Fransa öz ərazilərində, məsələn, Kaliforniyada, yaxud Marseldə “Ermənistan” adlı dövlət yaradarlarsa. Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya qoruyur. Bu ölkədə Rusiyanın hərbi bazası yerləşir. Ermənistanın enerji sektorunu Rusiya şirkətləri idarə edirlər. Ermənsitanın dəmir yolu belə “Rusiya Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi hesab olunur” .

Məsələ ilə bağlı fikirlərini bölüşən türkiyəli politoloq Aydın Sezer isə vurğulayıb ki, Türkiyənin NATO üzvü olduğu müddətcə Ermənistanın üzvlüyündən söhbət gedə bilməz.

“Bu çağırışı çox ciddiyə almaq lazım deyil. Fellingerin çağırışı onun bilgisizliyinin göstəricisidir. Bir ölkənin NATO-ya üzv olması bəlli bir şərtlər və qaydalar çərçivəsində həyata keçirilir. Bu proses bütün üzvlər tərəfindən təsdiq edilməlidir.  Məlum olduğu kimi, İsveç hələ də NATO üzvü ola bilməyib. Türkiyə NATO-nun güclü üzvləri sırasındadır. Nəticədə Ermənistanın üzv olması mümkün deyil.Avropa İttifaqının qonşuluq siyasətində Azərbaycan, Gürcüstan və Ermənistan biryerdədirlər. Bu, təbii ki, iqtisadi münasibətlər fonunda önəmlidir. Sözügedən ölkələrin yaxın gələcəkdə NATO-ya üzv seçilməsi görünmür. Çünki Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin səbəblərindən biri də Ukraynanın NATO üzvlüyü ilə bağlı münasibəti idi. Gürcüstan savaşı da məhz bu səbəbdən ortaya çıxmışdı”.

Ayşən Rəhim