"Paşinyan vəziyyəti gərginləşdirmək üçün əlində gələni edir"- Səməd Seyidov
    • 6-09-2023, 16:06
    • 262

"Paşinyan vəziyyəti gərginləşdirmək üçün əlində gələni edir"- Səməd Seyidov

Xəbər verdiyimiz kimi, Paşinyan Rusiyanı Qarabağın təhlükəsizliyini təmin etmək missiyasını yerinə yetirmədiyinə görə qınayıb. Sözügedən ölkənin Prezidentinin mətbuat katibi Dmitri Peskov ona cavab olaraq bildirib ki, Rusiya bu regionun bir hissəsi olaraq qalacaq və onu tərk edə bilməz.

Mövzu ilə bağlı News24.az-a danışan  Milli Məclisin deputatı Səməd Seyidov bildirdi ki, suveren, müstəqil və öz müqəddəratını təyin edən ölkəmiz siyasətini elə qurub ki, böyük dünya gücü olan Rusiya Azərbaycanın ərazisini müttəfiqlik sazişi imzalayaraq tanıyıb. 

"Müttəfiqlik sazişinin bəndlərinə baxsaq görərik ki, Azərbaycan Rusiyanın ərazi bütövlüyünü tanıdığı kimi, Rusiya da Azəbaycanın ərazi bütövlüyünü tanıyır".

Millət vəkilinin sözlərinə görə, Nikol Paşinyan vəziyyəti gərginləşdirmək istiqamətində əlindən gələni edir. 

"O, bu gərginliyi sülh sazişini imzalamamaq üçün edir. O, artıq bəyan edib ki,  mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, o cümlədən də Qarabağı tanıyıram. İndi nə dediklərini dana bilir, nə də sazişi imzalamır.  Ermənistan guya Rusiyanı öz mandatını yerinə yetirmədiyi üçün bölgədən tam çıxaracaq. Əsas öhdəlikləri yerinə yetirməyən Ermənistan özüdür. Ermənistan sülh istəyirsə, on min əsgərini oradan çıxartsın. Müqavilədə yazılmışdı ki, Zəngəzur dəhlizi açılacaq. Nə oldu? Açmadılar. Rusiya özü də bu ittihamlara cavab verdi ki, Ermənistandan çıxmayacaqlar. Çünki Rusiyada yaşayan ermənilərin sayı Ermənistandakılardan çoxdur.

S.Seyidov qeyd etdi ki,  Rusiya-Azərbaycan münasibətləri başqa müstəvidə təşkil olunur. Müqaviləyə əsasən sülhməramlıların orada 2025-ci ilə qədər mandatı mövcuddur. Bu məsələ də sözüdövlət arasında müzakirə olunacaq və öz həllini tapacaq.

Aydan