Ərdoğan Maskı Türkiyədə Tesla zavodu açmağa çağırıb
    • 18-09-2023, 09:45
    • 115

Ərdoğan Maskı Türkiyədə Tesla zavodu açmağa çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda sahibkar və Tesla şirkətinin sahibi İlon Maskla görüşüb. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türk Evində Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı qəbul edib”, - deyə məlumatda bildirilir.

Görüş zamanı prezident iş adamını Türkiyədə Tesla elektrik avtomobillərinin istehsalı üçün yeddinci fabrik açmağa çağırıb. Türkiyənin dövlət başçısı Türkiyənin kosmik proqramı çərçivəsində ölkənin SpaceX ilə əməkdaşlığının mümkün inkişafını vurğulayıb. O, Maskı sentyabrın sonunda Türkiyənin İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştirak etməyə dəvət edib.

Qeyd olunur ki, Türkiyə prezidenti Maska Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiyası barədə də məlumat verib.

Qeyd edək ki, bu, Türkiyə lideri ilə sahibkar arasında ilk görüş deyil. Onlar ötən ilin sonunda Qətərdə dünya çempionatının final matçında qarşılaşıblar. Söhbətin təfərrüatları məlum deyil.

Ayşən