Bombalama, sui-qəsd, minalama... - Erməni terrorçuları Qarabağa sıza bilərmi?
    • 3-10-2023, 13:51
    • 790

Bombalama, sui-qəsd, minalama... - Erməni terrorçuları Qarabağa sıza bilərmi?

PKK terror təşkilatının erməni qolu olan “VoMa” silahlə qruplaşmasının Qarabağda “partizan müharibəsi”nə başlayacağı barədə xəbərlər yayılıb. Məlumata görə, həmin terror təşkilatının sıralarında erməni uşaqları da yetişdirilir. Erməni mətbuatı tərəfindən yayılan görüntülərdə uşaqlara təlim keçirilir. Azərbaycanın Qarabağda həyata keçirdiyi “antiterror tədbirləri”ndən sonra silahı yerə qoyan Ermənistan silahlı qüvvələri bölgədə yeni təxribatlara və hücum cəhdlərinə əl atmağa çalışır. 

Bu yaxınlarda İtaliya və Fransanın “Gucci” moda brendinin reklam simalarından olan erməni model Armine Arutyunyan terror təşkilatı oln “VoMa” nın sıralarına qoşulub və əlində tapança ilə atışma məşqi zamanı görüntülənib. Qeyd edək ki, ilk dəfə dəfə 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı eşidilən sözügedən terror qruplaşmasını Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Onlar PKK və YPG ilə birlikdə hərəkət edəcəklər. Bu halda ortalığa belə bir sual çıxır ki, ermənilər Qarabağa sızıb terror törədə bilərmi?

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Qabil Hüseynli bildirdi ki, onların yenidən təşkilatlanması və terror aktları ilə məşğul olması xəyaldan başqa birşey deyil.

“Bizim əlimizdə hər cür kəşfiyyat texnikası, ordumuzun xüsusi təyinatlıları var ki, bir neçə saat ərzində onların hər birinin axırına çıxsınlar və fəaliyyəti dayandırsınlar. Bununla bağlı deyilənlərə diqqət yetirilməməlidir. Çünki bu, mümkün deyil. Bizim təhlükəsizlik orqanlarımız onları neytrallaşdırmaq gücündədir. ASALA bizə xarici ölkələrdə zərər verə bilər, Qarabağda – Azərbaycan ərazisində yox”, - deyə o, fikrini yekunlaşdırdı.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz isə mövzu barədə danışarkən qeyd etdi ki,  ASALA-nın quruluşu, təşkilatın hərəkət forması fərqlidir: “Bundan əlavə "Nöqtə" əməliyyatı şəklində türk və Azərbaycan diplomatlarına qarşı silahlı  və partlatma aktları həyata keçirirdi. "VoMa"nın quruluşu isə bir qədər fərqlidir. 2014-cü ildə kəşfiyyatçı düşərgəsi kimi quruldu. Təbii ki, diaspor sözügedən təşkilata hər formada maddi və mənəvi dəstəyi verir. Onlar şəxsi internet səhifələrində də ordunun ehtiyacı olan sferalarda boşluğu doldurmaq məqsədilə "Vaqner" tipli muzdlu əsgərlər qrupu formalaşdırmağa çalışırlar. Məlum olduğu kimi, həmin dəstənin əsası İrəvanda olmaqla bir neçə yerdə təhsil düşərgəsi var. Öz deyimlərinə görə, İkinci Qarabağ müharibəsində iştirak etdiklərini söyləyirlər. Lakin onlar da digərləri kimi qaçdı".

General hesab edir ki, terror təşkilatı Liviya, Suriya kimi dünyanın bir sıra yerlərindən erməni gənclər və fərqli millətlərdən muzdlu əsgərlər gətirə bilər: “Onlar isə qarşıya qoyduqları məqsədə çata bilməyəcəklər. Ona görə ki, artıq hərkəs Azərbaycan ordusunun gücünü və qüvvətini bir daha gördü”.

Y.Karauz onu da əlavə etdi ki, Ermənistanın istər mütəmadi ordu, istərsə də terror qruplaşmaları şəklində Qarabağa sıza bilməyəcəklər.

Lakin "VoMa"nın ASALA-ya çevrilmə ehtimalı böyükdür.  Onların sözügedən terror qruplaşması kimi minalama, "nöqtə" əməliyyatları, bombalama yaxud da üst mövqelərdə olan şəxslərə qarşı sui-qəsd cəhdləri edə bilərlər. Bu isə qorxulu bir təhdid deyil. Lakin yenə də ehtiyat tədbirlərini əldən verməmək lazımdır".

Mövzu ilə bağlı münasibət bildirən deputat Arzu Nağıyev Azərbaycan dövləti və dövlətçiliyinə qarşı hər hansı addım atıldığı təqdirdə, qarşısının əvvəldən alınacağını vurğuladı.

"Xüsusi təhlükəsizlik orqanlarımızda "VoMa" kimi erməni terror təşkilaları və digər dövlətlərdə terror fəaliyyəti ilə məşğul olanlar barədə məlumatlar var. Son vaxtlar təhlillər də göstərir ki, ermənilər bu və ya digər şəkildə güya ölkədən kənarda hansısa üçüncü ölkələrin ərazisində müxtəlif terror təşkilatları ilə təlim keçirlər. Yeni terror hadisələri törətmək üçün müxtəlif dövlətlərdən ianələr alırlar. Bunların baş verəcəyi hər birimizə məlum, bilinən məsələlər idi. Bizim xususi xidmət orqanlarımız bu barədə məlumatlıdırlar. Bizim "antiterror" əməliyyatımız 24 saat belə olmadan yekunlaşdı. Onlara qarşı koordinasiyalı şəkildə bir sıra dövlətlərlə məlumat mübadiləmiz də var. Terror addımlarının qarşısının alınması üçün istənilən addım atılacaq.

Hesab etmirəm ki, onlar yaxın zamanda Azərbaycanda hər hansı bir terror aktı həyata keçirməyə cəhd etsinlər. Çünki proseslərə tam şəkildə nəzarət olunur. Əlbəttə ki, vətəndaşlarımız da ayıq-sayıq olmaldıır”, - deyə deputat fikrini yekunlaşdırıb.

Ayşən Rəhim