İsraildən Bakıya müharibə köçkünləri gəlib?
    • 4-11-2023, 21:49
    • 168

İsraildən Bakıya müharibə köçkünləri gəlib?

HƏMAS-İsrail müharibəsinin başlamasının 28-ci günüdür. Tərəflər arasında qarşıdurma nəticəsində mülki şəxslərin də həyatını itirdiyi qeyd edilir.

Son 20-30 ildə Bakıdan, Qubada yaşayan yəhudilərin bir hissəsi İsrailə köç ediblər.

Maraqlıdır, həmin şəxslər arasında müharibə səbəbindən hazırda Azərbaycana köçmək üçün müraciət edənlər varmı?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan “Magen David Group”un rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov belə bir müraciətin olmadığını bildirib.

Onun sözlərinə görə, Azərbaycandan İsrailə köçən yəhudilər terrorizmə qarşı mübarizə aparmaq niyyətindədirlər:

“Qubadan köçən yəhudi xalqının nümayəndələri 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq gəlib Azərbaycanda döyüşmək istəyirdilər. Hətta buna görə rəsmi qaydada müraciət də edirdilər. Sadəcə, Azərbaycan ordusu güclü olduğu üçün könüllülərə ehtiyac olmadı. Yəhudilər hər iki vətəni çox sevir. İndi də İsraili atıb gəlməzlər”.

Seliverstov deyib ki, yəhudilər üçün dünyaya göz açdıqları, təhsil aldıqları ana Vətən əziz olduğu kimi, öz torpaqları olan İsrail də əzizdir:

“Bu səbəbdən də onlar iki ölkə arasında heç bir fərq qoymurlar. Yəhudilər vətənin dar günündə onu atıb bura gələ bilməzlər. İnsan öz vətəninin daşı olmalıdır. “Xala Vətən, dayı və ya əmi Vətən” demirlər, Ana Vətən deyirlər. Ananın da haqqını qaytarmaq hər bir övladın borcudur. Arzu edirik ki, dünyada sülh olsun, sivil insanlar həlak olmasınlar. Dünyanı sevgi xilas edəcək. Sizə tam əminliklə deyirəm, müharibə ilə əlaqədar olaraq yəhudilər Azərbaycana gəlmək üçün müraciət etməyiblər”.