Ölümündən öncə 4 nəfəri xilas etdi - HƏMAS-ın daha bir qurbanı
    • 11-10-2023, 16:40
    • 295

Ölümündən öncə 4 nəfəri xilas etdi - HƏMAS-ın daha bir qurbanı

Xəbər verdiyimiz kimi, HƏMAS-ın hücumu nəticəsində İsraildə dörd Rusiya vətəndaşı həlak olub.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, HƏMAS silahlıları İsrailə köçən Çelyabinsk sakini David Lıstsovu da "Nature Party" adlı musiqi festivalında qətlə yetiriblər. 

Qeyd olunub ki, 35 yaşlı gəncin orada şəxsi təhlükəsizlik şirkəti olub. Onun bacısı Kseniya jurnalistlərə açıqlamasında bildirib ki, qardaşı ölümündən öncə 4 şəxsin həyatını xilas edib. Belə ki, atışma zamanı həmin şəxsləri maşınına mindirib və sükan arxasına keçib. Lakin yaraqlıların hücum etdiyini görən David onların cəld maşınından qaçmaqlarını əmr edib. Qaçan şəxslər canlarını qurtara bilsələr də, yaraqlılar onu güllələyiblər.

Sağ qalanlar bildiriblər ki, David qaçmağı əmr etməsəydi, heç kimin sağ qalmaq şansı belə olmazdı. "O, əsl qəhrəman kimi dünyasını dəyişdi", - deyə bildiriblər.

Bacısı bildirib ki, Davidin həyat yoldaşı və 7 yaşlı oğlu hələ də İsraildədir. 

Aynurə