"Şagirdin şagirdi qətlə yetirməsində günahkar nazirlik və qurumlardır"
    • 23-01-2024, 15:00
    • 571

"Şagirdin şagirdi qətlə yetirməsində günahkar nazirlik və qurumlardır"

“Hadisə özü əslində bir kriminal hadisədir və bu, bizim gəncliyimizin faciəsidir. Əgər bu gün biz “bir şagird digər şagird tərəfindən qətlə yetirildi” cümləsini rahatlıqla deyə biliriksə və cəmiyyət olaraq növbəti bir hadisənin olacağını sakitcə protokollaşdırıb otururuqsa, deməli, bu hadisələrin sayı da artacaq”.

Bu fikirləri News24.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. O bildirib ki, cəmiyyətdə bu kimi hadisələrin günahkarını axtarmaq çox asandır, ancaq problemin çox dərin tərəfləri mövcuddur:

“Bu ağır hadisə əslində aysberqin görünən tərəfidir və bu hadisələr təkrar-təkrar olur. Biz sadəcə bu xəbərlərin altında əzilirik. Həmçinin, bu kimi bilinməyən xəbərlər də o qədər çoxdur ki... Əzilən uşaqlar, əzilən şəxsiyyətlər... Bu kimi hallar cəmiyyətdə çox hal alıb. Niyə hal alıb? Çünki biz həmişə günahkar axtarırıq və günahkarı da bir nöqtəyə vururuq. Günahı ya valideyn də, ya məktəbdə, ya sosial cəmiyyətdə, ya da ki, hər hansı bir baxışda axtarırıq. Amma gəlin görək kimdir günahkar? Bəlkə hər kəs özünə düşən məsuliyyət qədər günahkardır?! Cəmiyyət, hələ valideyn olmağın məsuliyyətini dərk edə bilməyən insanlardır günahkar. Və yaxud da ki, ancaq savad mənasında sertifikat alan müəllimlərdir və bu müəllimliyin məsuliyyətini, uşağa yanaşmanın məsuliyyətini hələ dərk edə bilməyən müəllimlərdir. Və yaxud da ki, sovet dövrünün müəllimləri təhsil sistemi ilə bu günün təhsil sistemini Avropa, Asiya təhsil sistemini birləşdirib bir qərar verə bilməyən və onları bir-birinə qarşı düşürən, hər həmləyə əl atan nazirlikdir bəlkə. Yaxud uşaq və qadın hüquqlarını düzgün müdafiə edə bilməyən qurumlardır? Bu istər müəllimlərin, istər valideynlər, istər nazirliyin, istərsə də Uşaq və Hüquqları Müdafiə Komitəsinin xoşuna gəlməyə bilər. Çünki onlar hamısı öz işini görə bilsəydi, bu cinayətlər törədilməzdi. Nazirliklər nə qədər intihara meylli uşaq var, yoxsa heç biri yoxdur? Nə qədər aqressiv uşaq var, əgər yoxdursa, bu hadisələr hardan baş verir? Əgər varsa, o statistika aşağı necə salınıb və o statistika üzərində nə qədər işlənilib? Çox sərt danışa bilərəm, çünki hadisə özü sərtdir”.

Psixoloq qeyd edib ki, bu gün nazirlik müəllimlə şagird arasında olan psixoloji alyansı qoruya bilmir: 

“Hər zaman öyrəşmişik eyni aspektdən yanaşmağa. Valideyn uşağa sevgi vermədi, günahkardır. Günahkardır ki, valideyn olmağa hazır olmadan uşaq dünyaya gətirib. Nazirlik niyə tədbirlər görmür ki, hələ də məktəblərdə bu cür uşaqlar üzə çıxmır. Çünki müəllimləri bir-birinə vururlar. Çünki bilə-bilə edirlər ki, dövlətin əsas ana sütunu olan təhsil dağılsın. Bu da olur. Məqsədli adamların istədikləri ailə dəyərləri, ailə institutu da dağılır. Buna görə də burada günahkar bir valideyn deyil, hər kəs günahkardır və hətta bu müsahibəni oxuyub, altına istədiyini yazanlar da günahkardır. Çünki hamımız bu qurumların düzgün işləməməsinə kömək edirik”.


Aynurə Pənahqızı