Rusiya NATO-nun hərbi gücünə daha həssas yanaşmalıdır: Əks halda...
    • 24-01-2024, 14:17
    • 237

Rusiya NATO-nun hərbi gücünə daha həssas yanaşmalıdır: Əks halda...

“NATO-nun genişmiqyaslı və uzunmüddətli hərbi təlimlərinin əsas səbəblərindən biri Avropa məkanında Rusiya ilə bağlı xofun yaranmasıdır”.

Bu fikirləri News24.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. O bildirib ki, Qərb hesab edir ki, Rusiya- Ukrayna müharibəsində Rusiya qalib gələrsə, orada Kreml növbəti hərbi hədəf kimi Avropa ölkələrinə qarşı hərbi təcavüz qurmağa başlayacaq:

“Əsasən hədəfdə məhz hərbi təlimlərin keçiriləcəyi ölkələr sırasına daxil olan Baltikyanı dövlətlərin, eləcə də Polşanın Rusiya tərəfindən işğal olunacağı haqqında məlumatlar yayılmaqdadır. Bu faktiki olaraq Avropa məkanında Rusiya ilə bağlı ciddi narahatlığın, hətta qorxunun belə olduğunu birüzə verir. Rusiya xofu ucbatından Avropa ölkələri öz hərbi büdcələrini də artırmaq qərarına gəliblər. Hazırda əsas çağırışlardan biri Avropa dövlətləri, o cümlədən bütövlükdə NATO yaxın gələcəkdə Rusiya ilə baş verə biləcək müharibəyə hazırlaşmalıdırlar. Əks halda Rusiya qoca qitəni öz hərbi siyasi təsiri altına sala bilər. Bütün bunları nəzərə alsaq NATO-nun 4 aylıq uzunmüddətli və genişmiqyaslı hərbi təlimləri qətiyyən təəccüb doğurmur. Bu hərbi təlimlər NATO-nun tarixində ən genişmiqyaslı təlimlər olduğu bildirilir. Yəni, NATO-nun siyasi rəhbərliyi Rusiyanın gələcək hərbi aqresiya planlarına indidən preventiv addımlar olaraq bu təlimləri keçirmək qərarına gəlib.

Ekspert bildirib ki, bu təlimlərə ilk növbədə güc, əzələ nümayişi kimi baxılır: 

“Rusiya NATO-nun hərbi imkanlarına, gücünə daha həsas yanaşmalıdır və gələcəkdə Avropa məkanına hücum etmək planları qurarkən, bütün bunları nəzərə almalıdır. Yəni hesab etmək olar ki, bu hərbi təlimlər Rusiyanın dayandırılması istiqamətində atılan preventiv addımlardır. Bunun hansı səviyyədə Kremldəki hərbi siyasi strategiyasına, mövqeyinə, planlarına təsir göstərəcəyi barədə isə fikir söyləmək çox çətindir. İstənilən halda biz bilirik ki, həm Polşada, həm də Baltikyanı ölkələrdə çox ciddi qorxu mövcuddur. Yaxın gələcəkdə bu ölkələr işğal altına düşə biləcəklərindən narahatdırlar. Bu baxımdan hərbi təlimlərin, NATO-nun Rusiyaya güc nümayiş etdirməsi məqsədilə keçirilməsini  müəyyən etmək olar.  Yəni, gələcəkdə Kreml Avropaya hərbi təcavüz etmək fikrinə düşərsə, NATO-nun hansı səviyyədə ona reaksiya verəcəyini Kremlnin diqqətinə çatdırmağa çalışır”.

Mehriban Mirzəzadə