"İqlim dəyişikliyinin yaratdığı qeyri-sabit hava şəraiti çəyirtkə istilasını artıracaq"
    • 15-02-2024, 12:38
    • 136

"İqlim dəyişikliyinin yaratdığı qeyri-sabit hava şəraiti çəyirtkə istilasını artıracaq"

“Science Advances” jurnalında dərc olunan məqalədə tədqiqatçılar Afrika və Yaxın Şərqdə çəyirtkə istilası riski ilə əlaqəni araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Çəyirtkə Mərkəzinin məlumatlarında 1985-2020-ci illər arasında səhra çəyirtkə istilasını təhlil ediblər. 

News24.az xəbər verir ki, çəyirtkələrin uzun məsafələrdə işğallara səbəb olan amilləri öyrənmək üçün məlumat əsaslı bir çərçivə yaradan tədqiqatçılar işğallara məruz qalan 48 ölkədən Keniya, Mərakeş, Niger, Yəmən və Pakistanın ən çox təsirləndiyini müəyyən etdilər.

Araşdırmada son 25 ilin ən pis səhra çəyirtkə istilasının 2019 və 2020-ci illərdə baş verdiyi qeyd edilib. Çəyirtkələrin yüz minlərlə hektar əkin sahəsini zəbt etdiyi və oradakı əkinlərə, ağaclara və digər bitki örtüyünə ziyan vuraraq ərzaq təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyi bildirilib.

Tədqiqatçılar səhra çəyirtkələrinin istilası ilə havanın temperaturu, yağış, torpaq nəmliyi və külək kimi şərtlər arasında güclü əlaqə tapdılar.

Onlar həmçinin, çəyirtkələrin qəfil yağan qısır ərazilərə daha çox hücum etdiyini və istilalar zamanı çəyirtkələrin sayının hava şəraitindən çox təsirləndiyini, El Nino hava hadisəsinin daha geniş miqyaslı çəyirtkə istilası ilə əlaqəli olduğunu müəyyən etdilər.

Araşdırmada Mərakeş və Keniya kimi istilaya meyilli bölgələrin yüksək risk altında olduğu, lakin çəyirtkələrin yaşayış yerlərinin 1985-ci ildən bu yana genişləndiyi və bu ərazinin Qərbi Avropa və Qərbi Mərkəzi bölgələrə doğru ən az 5 faiz genişlənəcəyi proqnozlaşdırıldığı ifadə edildi. 

Tədqiqatda həddindən artıq yağış və küləyin getdikcə daha çox çəyirtkə istilasına səbəb olacağı vurğulanaraq, havaların istiləşməsi səbəbindən bu işğalların qarşısının alınması və nəzarət edilməsinin çətinləşdiyi qeyd edilib.

Onu da qeyd edək ki, Dünya Bankının məlumatına əsasən, 2003-2005-ci illər arasında Qərbi Afrikada çəyirtkə basqınları 2,5 milyard dollarlıq ərzaq məhvinə səbəb olub və işğalla mübarizəyə 450 milyon dollar xərclənib.

Günel Məlikzadə