![Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları təhvil verildi](/uploads/posts/2024-03/1711543806_bas-prokurorluq-yeni.webp)
-
- 27-03-2024, 16:50
- 160
Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları təhvil verildi
Özbəkistan Respublikasının vətəndaşları 1985-ci il təvəllüdlü Xasanov Siyavuş Xalimoviçin və 1990-cı il təvəllüdlü Abduraximov Sarvar Kamolitdin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.
Özbəkistan Respublikasının qanunvericiliyinə uyğun olaraq dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilən Siyavuş Xasanov və Sarvar Abduraximov cari il mart ayının 6-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.