Toyunuz yasa çevrilə bilər - Əhaliyə vacib XƏBƏRDARLIQ
    • 8-04-2024, 11:44
    • 179

Toyunuz yasa çevrilə bilər - Əhaliyə vacib XƏBƏRDARLIQ

“Toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir”. 

Bu fikirləri deputat Novruzəli Aslanov (Novruz Aslan) Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib. Deputat qeyd edib ki, bu qanun qüvvəyə minəndən sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq: “Ən çox vergi ödəyən vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan ta bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas odur ki, biz onları sıradan çıxaraq. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək”. 

Bəs görəsən ölkənin əmtəə bazarında spirtli içkilərin istehsalı və satışı ilə bağlı vəziyyət nə yerdədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, hazırda bu sahə demək olar ki, xaos vəziyyətindədir: 

“Əmtəə bazarının bu seqmenti həddən artıq xaos vəziyyətindədir. İllər boyu üzərində saxta aksiz markası olan, kustar üsulla hazırlanmış və standartlara cavab verməyən spirtli içkilər hazırlanır. Bu sahədəki vəziyyətin acınacaqlı olduğunu sübut edən faktı 4 il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkill Cinayətlərə Qarşı Mübarizə İdarəsi aşkarladı. DİN sübut etdi ki, ölkənin əmtəə bazarında ən bahalı yerlərdə belə naməlum mayelərdən hazırlanmış, brend məhsul adı altında spirtli içkilər satılır. Düşünürəm ki, onlar bu növ işləri davam etdirməlidir. Cürbəcür şadlıq sarayların zirzəmilərdində də bu tip içkilərin hazırlanması daim gündəmdə olub və bu gün də davam edir”. 

Eyyub Hüseynov spirtli içkilərin də digər məhsullarda olduğu kimi, müəyyən saxlama müddətinin olduğunu qeyd edib: 

“Əhali bilməlidir ki, spirtli içkilər təkcə öz hazırlanma texnologiyalarına görə yox, eləcə də satışda uzun müddət saxlandığına görə də insan sağlamlığı üçün təhlükəlidir. Bir çox spirtli içki istehsalçıları və texnoloqlar iddia edirlər ki, spirtli içkilərin yararlılıq müddəti sonsuzdur. Lakin araqların satışda qalma müddəti 1 ildən artıq olmamalıdır. Konyaklar üçün bu müddət 3 il, şərablar üçün isə 6 aydır. Uzun müddət saxlanılan içkilər xüsusi qablarda və çəlləklərdə saxlanılır. Hətta saxlanma yerlərində yüksək səslə də danışmaq olmaz ki, içki ayıla bilər. Ölkənin əmtəə bazarında bu cür içkilər çoxdur. Azad İstehlakçılar Birliyi alıcıları bu cür içkiləri ifşa etməyə çağırır. Təsadüf deyil ki, insan zəhərlənmələrinin statistikasına baxsaq, içkidən zəhərlənmələr siyahıda ön sırada durur. Qida sektorunda yoxlamalar mütləq bərpa olunmalıdır. Cəld reaksiya mexanizmi tətbiq edilməlidir”. 

Qeyd edək ki, Ramazan ayının başa çatması ilə ölkədə toy mövsümü yenidən start götürəcək. Bu isə əhalini daha diqqətli olmağa vadar edir.