Mədə xorasını sağaldan təbii məhsullar
    • 17-04-2024, 22:30
    • 539

Mədə xorasını sağaldan təbii məhsullar

Mədə xoraları mədədə həyatı kabusa çevirə bilən yanma hissinə səbəb olur.

Mütəxəssislər bu dözülməz ağrılara qarşı dərman müalicəsi ilə yanaşı, həkimlə məsləhətləşərək bitki müalicəsinə başlamağı da məsləhət görürlər.

News24.az Medicina.az-a xəbər verir ki, Medipol Mega Universiteti Xəstəxanasının qastroenteroloqu Prof. Dr. Esin Korkut mədə yaralarına faydalı ola biləcək təbii üsullardan bəhs edib.

Professor bildirib ki, mədənin və ya nazik bağırsağın yuxarı hissəsinin divarını qorumağa cavabdeh olan selikli qişanın təsirini itirməsi nəticəsində mədə turşusunun yaratdığı yaralara mədə yarası və ya xora deyilir.

“Mədə yaralarının əsas səbəbləri arasında “helicobacter pylori” adlı mikrob var. Bundan başqa aspirin, revmatik dərmanlar və ağrıkəsicilərin müntəzəm istifadəsi də mədə xorasının əmələ gəlməsində mühüm amillərdəndir. Digər mümkün səbəblər arasına genetik meyl, stress, kortizon tipli dərmanlar, alkoqol, siqaret, qəhvə vərdişi və ətraf mühitin çirklənməsi daxildir", - həkim qeyd edib.

O, mədə xorasının müalicəsində istifadə olunan əsas üsullardan birinin turşu ifrazını azaldan dərmanlar olduğunu əlavə edib:

“Bu dərmanlar mədə turşusunun səviyyəsini nəzarətdə saxlayaraq xoranın sağalmasına kömək edir".

Həkim sağlam qidalanma vərdişinin mənimsənilməsinin də mədə xoralarının sağalmasına kömək edə biləcəyini vurğulayıb.

"Cəmiyyətdə çox rast gəlinən mədə xəstəliklərinin müalicəsində köməkçi olaraq qəbul edilən bitki mənşəli üsulların da öz yeri var. Bitkilərdən əsrlər boyu müalicə məqsədləri üçün istifadə olunub. Bitkilər həm sağlamlığı qorumaq, həm də müalicə etmək məqsədi daşıyan tamamlayıcı vasitələrdir”.

Prof. Dr. Korkut mədə yaralarına yaxşı təsir edən təbii məhsulları bu cür sıralayıb:

- Qüdrət narı

- Zeytun yağı

- Dazıotu

- Şüyüd

- Bitki çayları (çobanyastığı, zəncəfil, nanə, cökə)

- Ədviyyatlar (kəklikotu, zirə, keşniş, tərxun, hil, zəncəfil, sarıkök, darçın)

Həkim bitki mənşəli məhsulların təsirinin elmi dəlillərə əsaslandığını, ancaq buna baxmayaraq, riskli vəziyyətlər də yarana biləcəyini deyib. Onun sözlərinə görə, bitkilər qida və dərmanlarla qarşılıqlı təsir göstərərək risk yarada, allergik reaksiyalara səbəb ola bilər. Ona görə də, bitki mənşəli məhsulları qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.