“Helikopter qəzasında amerikalılar günahkardır”
    • 25-05-2024, 10:53
    • 161

“Helikopter qəzasında amerikalılar günahkardır”

Belarusda səfərdə olan Putin və Belarus prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdəki Müstəqillik Sarayında görüşüb.

News24.az xəbər verir ki, ikitərəfli şəkildə başlayan görüş iki ölkənin nazirləri və baş nazir müavinlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Görüşlər zamanı ikitərəfli münasibətlər, Rusiya-Belarus İttifaqı dövləti çərçivəsində inteqrasiya prosesi və aktual beynəlxalq məsələlər müzakirə edilib.

Belarus prezidenti Lukaşenko da Putinlə görüşlərində təhlükəsizlik və müdafiə ilə bağlı məsələləri, iqtisadiyyat sahəsindəki problemləri müzakirə etdiklərini bildirib. İkitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bəyan edib.

Sərhədlərindəki vəziyyəti diqqətlə izlədiklərini bildirən Lukaşenko, "Sərhədlərimizdə 90 min əcnəbi əsgərin iştirakı ilə təlimlər keçirilir. Maraqlıdır ki, amerikalılar və almanlar bizim sərhədlərimizdədir. Ona görə də biz təhlükəsizliyə önəm veririk" deyib.

Lukaşenko İran prezidenti və ətrafının həyatını itirdiyi helikopter qəzası ilə bağlı da açıqlamalar verib:

"İran nə baş verdiyini anlayacaq. Ancaq bunu bir prezident kimi yox, bir insan kimi deyə bilərəm. ABŞ-ın alçaq, iyrənc yanaşması qəzaya səbəb olub. Mən burada sanksiyaları nəzərdə tuturam. Onların insanları daşıyan təyyarələr, vertolyotlar və digər nəqliyyat vasitələrinə sanksiya tətbiq etməyə haqqı yoxdur. Əgər helikopterin uçuşuna heç nə təsir göstərməyibsə, onlar (amerikalılar) bunda günahkardırlar. Onlar bu helikopterin texniki xidmətinə qadağa qoyublar, bu dəqiqdir”.


Günel Məlikzadə