İsrail Fələstin dövlətini tanıyacaq?
    • 31-05-2024, 09:00
    • 152

İsrail Fələstin dövlətini tanıyacaq?

Fransanın LCI kanalına verdiyi müsahibədə Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokurorunun "Həmas liderləri ilə İsrailin demokratik yolla seçilmiş liderləri arasında saxta bərabərlik qurduğunu" iddia edib və həbs qərarı üçün müraciəti "dəlilik" adlandırıb.

News24.az xəbər verir ki, məhkəmənin iddia etdiyi kimi "mülki insanları aclıqdan öldürmək siyasətinin olmadığını" iddia edən Netanyahu, Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Xanın onun haqqında verdiyi əsaslandırmaların "uydurma" olduğunu və Qəzzada aclığın qarşısını almaq üçün "hər şeyi etdiklərini" müdafiə edib.

Qəzzadakı mülki itkilərlə bağlı suala cavab olaraq Netanyahu, hərbi itkilərlə müqayisədə Qəzzada mülki itkilərin "müasir şəhər müharibəsində görülən ən aşağı nisbət" olduğunu iddia edib.

Dünyada İsrailə qarşı etirazları tənqid edən Netanyahu fəalları “İsrail demokratiyasını” hədəf almaqda ittiham edib.

İSRAİL FƏLƏSTİN DÖVLƏTİNİ TANIYACAQ?

Digər tərəfdən, Fələstin dövlətini tanıyıb-tanımayacağı ilə bağlı Netanyahu Fələstinin "dinc dövlət" olmayacağını iddia edərək, "İndi onlara dövlət versəniz, bu, terrorçular üçün mümkün olan ən böyük mükafat olacaq" deyib.

İsrailin Qəzzanı işğal etməsi ilə bağlı suala Netanyahu, "Qəzzanı işğal etmək lazım olub-olmayacağını bilmirəm, amma terrorçuların qarşısını almaq üçün hər an ora girə bilməliyik", -deyə cavab verib.

Qeyd edək ki, Netanyahunun müsahibəsi yayımlanarkən yüzlərlə insan televiziya binası qarşısına toplaşaraq İsrailin Qəzzaya hücumlarına və müharibə cinayətlərində ittiham olunan Netanyahuya qarşı təbliğata etiraz ediblər.

Günel Məlikzadə