ABŞ və Ukrayna təhlükəsizlik sazişi imzaladı
    • 14-06-2024, 10:47
    • 150

ABŞ və Ukrayna təhlükəsizlik sazişi imzaladı

İtaliyanın Fasano bölgəsində keçirilən G7 Liderlər Zirvəsi çərçivəsində toplaşan ABŞ prezidenti Bayden və Ukrayna prezidenti Zelenski birgə mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, birgə mətbuat konfransının əvvəlində ABŞ və Ukrayna arasında 10 illik müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayan iki lider, razılaşmanın həm NATO-nun təhlükəsizliyi, həm də Ukraynanın müdafiə bazası baxımından əhəmiyyətini vurğulayıblar.

Razılaşma ilə bağlı çıxışında Bayden, Rusiyanın Rusiya ərazisindən kənarda olan bəzi maliyyə aktivlərinin dondurulması və bu fondun 50 milyard dollarının Ukraynanın xeyrinə istifadə edilməsi qərarını təqdir edib. Bu yolla Ukraynaya daha çox kömək edə biləcəklərini bildirib.

"Məqsədimiz uzunmüddətli perspektivdə Ukraynanın müdafiə və çəkindirmə qabiliyyətini artırmaqdır. Biz Ukraynanın gələcək təcavüzə qarşı özünü müdafiə etmək qabiliyyətinə malik olmasını istəyirik", qiymətləndirməsini edən Bayden Amerika əsgərlərini göndərmədən bu ölkəyə silah, sursat və digər dəstəklərlə kömək edəcəklərini bildirib.

Bayden qeyd edib ki, Zelenski ilə imzaladıqları müdafiə sazişi sülhə bağlılıqdır və bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə, ölkələrin suverenliyi prinsipinə uyğundur.

Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayan Bayden, Moskvaya qarşı yeni sanksiya paketi elan etdiklərini və bu istiqamətdə addımlarını davam etdirəcəklərini bildirib.

ZELENSKİDƏN ABŞ-A TƏŞƏKKÜRLƏR

Ukrayna prezidenti Zelenski də sözügedən razılaşmaya görə ABŞ-a təşəkkür edib. Bu razılaşma ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha dərin və keyfiyyətli olacağını bildirib.

İtaliyada keçirilən G7 Liderlər Zirvə toplantısında 2024-cü ilin sonuna qədər Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən faiz gəlirlərinin girov kimi istifadə edilərək Ukraynaya 50 milyard dollar kredit ayrılması barədə qərar qəbul edilib.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşür.

Dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G7 ölkələri, xüsusən də ABŞ bu gəlirdən Ukraynanı dəstəkləmək üçün istifadə etmək istəyir.

Günel Məlikzadə