Friends-in ulduzunun sərvəti açıqlandı
    • 2-07-2024, 12:48
    • 206

Friends-in ulduzunun sərvəti açıqlandı

“Dostlar” serialındakı Chandler Bing obrazı ilə ən məşhur sitcom personajlarından birinə çevrilən Metyu Perrinin ölüm xəbəri həm pərəstişkarlarını, həm də Hollivud dünyasını dərindən sarsıdıb.

News24.az xəbər verir ki,oktyabrın 28-də Malibudakı evində cakuzidə ölü tapıldığı bildirilən 54 yaşlı Perrinin ölüm səbəbi açıqlanıb.

Perrinin sərvəti də üzə çıxıb. Məhkəmə sənədlərinə görə, aktyorun ümumi sərvəti 1,5 milyon dollardır. Bu sərvət indi 120 milyon dollardan çox dəyəri olan fondun bir hissəsidir.

Aktyor ölümündən əvvəl Enni Holl filmindəki Vudi Allenin obrazından ilhamlanaraq "Alvi Singer Living Trust" təşkilatını təsis edib.

The Sun tərəfindən nəzərdən keçirilən son məhkəmə sənədləri Perrinin xalis sərvətinin ilkin təxmin ediləndən yüksək olduğunu göstərir.

Bildirilib ki, Perrinin Kaliforniyada heç bir daşınmaz əmlakı yoxdur və onun son anlarını keçirdiyi Pasifik Palisadesdəki 6 milyon dollarlıq ev onun qəyyumu Liza Fersuona məxsusdur.

Onu da qeyd edək ki, yarılma hesabatına görə, Perri "ketaminin kəskin təsiri" səbəbindən ölüb. Qanında ketamin olan aktyorun daha sonra cakuzidə boğularaq öldüyü bildirilib. Ketamin narahatlıq və depressiyanı müalicə etmək üçün istifadə olunur. Los-Anceles İlçe Tibbi Ekspertiza Departamentinin hazırladığı hesabatda aktyorun ölümü "qəza" olaraq qiymətləndirilir.

Los-Anceles polisi aktyor Metyu Perrinin ölümü ilə bağlı araşdırmalara başlayıb. Perrinin "ketaminin kəskin təsiri" səbəbindən öldüyü açıqlanıb, lakin istintaq Perrinin bədənindəki keyidici ketamin maddəsini necə əldə etdiyini araşdırır.

İstintaqa yaxın mənbələr iddia edirdilər ki, Perrinin ölümü ilə bağlı təhqiqat başa çatmaq üzrədir və “birdən çox adam” ittiham oluna bilər.


Günel Məlikzadə