Netanyahu "beynəlxalq etimadı itirməkdə" ittiham olunur
    • 6-07-2024, 13:13
    • 225

Netanyahu "beynəlxalq etimadı itirməkdə" ittiham olunur

İsrail Müdafiə Qüvvələrinin keçmiş sözçüsü İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS-a qarşı apardığı müharibəni sərt şəkildə tənqid edərək, ordu ilə hökumət arasında gərginliyin artdığının son əlamətini verib.

News24.az xəbər verir ki, polkovnik-leytenant Peter Lerner dünya mediasına hərbçilər adından danışaraq, "İsrailə beynəlxalq etimadın itirilməsini və hökumətin HƏMAS-a qarşı müharibəsində zamanla dəstəyi itirdiyini" gördüyünü deyib.

Bildirək ki, Lerner 25 ildən çox İsrail Müdafiə Qüvvələrində xidmət edib. O, sonuncu dəfə müharibə zamanı sözçüsü vəzifəsində çalışıb və ötən ay istefa verib.

Lerner İsrailin "Haaretz" qəzetinə verdiyi müsahibədə "Netanyahu HƏMAS-a qarşı tam qələbə vəd etmişdi. Bununla belə, o və hökuməti bizi beynəlxalq arenada məğlubiyyətə sürüklədi" deyib.

Keçmiş sözçü müharibənin gedişatını tənqid edərək, hökuməti günahlandıraraq, “İki cəbhədə doqquz ay davam edən döyüşlərdən sonra belə, müharibə üçün heç bir siyasi strategiya yoxdur” şərhini verib.

Günel Məlikzadə