Bakıda təhlükəli vəziyyət:
    • Bu gün, 18:26
    • 70

Bakıda təhlükəli vəziyyət: "Bina baxımsızdır, qırıq şüşələr uşaqları yaralayıb"

Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 8 ünvanında yaşayan sakinlər binanın baxımsız vəziyyətdə olmasından növbəti dəfə şikayətçidirlər.

News24.az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən bir qrup vətəndaş bildirib ki, bu dəfə "Maşınqayırma" MTK tərəfindən tikilən binanın blokunun qapısı üzərindəki qırıq şüşələr övladlarının həyatına təhlükə yaradıb.

Belə bir hal bir neçə gün öncə qeydə alınıb. Azyaşlıların üzərinə düşən həmin şüşə parçaları uşaqları yaralayıb:

"Uşaqlar blokun qabağında oynayırmışlar. Hadisə də elə bu vaxt baş verib. Qapını açmaq istəyəndə üst hissəsindəki qırıq şüşələr onların üstünə tökülüb. Nəticədə də uşaqların alın və qol nahiyələrində belə kəsiklər yaranıb. Həmin vaxt ora nə top atılıb, nə də başqa bir şey...

Şüşə uşaqların başına düşsə, xilas edə bilməzdik. Bundan başqa, oradan daha az yaşı olanlar, 2-3 yaşlı uşaqlar keçsəydilər, bu zərbəyə dözə bilməzdilər. Birinin başına düşsə, elə oradaca qalar. Müraciətlərimizə də baxan yoxdur".

Məsələ ilə bağlı "Maşınqayırma" MTK ilə əlaqə saxlanılıb. Şirkətdən bildirilib ki, problem artıq aradan qaldırılıb:

"Qırılmış şüşələr oradan yığışdırılıb. Amma onu da deyək ki, o uşaqlar həmin ünvanda yaşamırlar, çox nadincdirlər. Dəfələrlə onlara demişik ki, tikinti olan əraziyə getməyin. Valideynlərinə də xəbərdarlıq etmişik. Topla vurub qonşuların şüşələrini də qırırlar. Hər halda bu təhlükəli vəziyyət idi və həll etdik".

Qeyd edək ki, sözügedən MTK-dan daha öncə də şikayət olunub. Belə ki, "Maşınqayırma" MTK ərazidə tikinti işləri aparıldıqdan sonra ətraf təmizlənməmişdi. Həmin zibillər yanğına da səbəb olmuşdu.