Kirpiklərinizi uzatmaq istəyərkən gözünüzdən olmayın! –  Serumlardakı TƏHLÜKƏ
    • Dünən, 23:03
    • 52

Kirpiklərinizi uzatmaq istəyərkən gözünüzdən olmayın! – Serumlardakı TƏHLÜKƏ

Kirpik serumları göz ətrafındakı yağ toxumasını incələdə bilər.

News24.az Medicina.az-a istinadla xəbər verir ki, bu barədə “The Conversation”a Lancaster Universitetinin Klinik Anatomiya Tədris Mərkəzinin direktoru, professor Adam Teylor məlumat verib.

O, kirpikləri çoxaltmağı və uzatmağı vəd edən serumlardakı “prostaglandin” adlı birləşmənin, eləcə də analoqlarının göz ətrafındakı yağ toxuması qatının incəlməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib:

“Bu cür dəyişikliklər üzün görünüşünü və gözlər altındakı qara halqaları daha da pisləşdirir”.

Professorun sözlərinə görə, tərkibində “prostaglandin” maddəsi olan kirpik zərdabları qısa müddətdə tüklərin uzunluğunu və qalınlığını əhəmiyyətli dərəcədə artırmaq qabiliyyətinə görə populyarlıq qazanıb.

“Prostaglandin”in bu təsiri qlaukoma müalicəsi üçün ona əsaslanan dərmanların istifadəsi zamanı "təsadüfən" aşkar edilib. Elm adamları tərkibində “prostaglandin” olan göz damcılarından istifadə edən xəstələrin kirpiklərinin daha qalın, uzun və tünd göründüyünü müşahidə ediblər.

“Son zamanlar kirpik serumlarının istehsalçıları “prostaglandin”in analoqlarından istifadəni adi hala çevirib. Lakin bu birləşmələr müəyyən təhlükə yarada bilər”.

Professor “prostaglandin” və buna bənzər maddələrin irisin rəngini dəyişə biləcəyini və göz ətrafındakı yağ toxumasının itirilməsinə səbəb ola biləcəyini vurğulayıb.