Fransanın daha bir RƏZİLLİYİ: Məktəblərdən başlayan SƏRXOŞLUQ... - ŞOK DETALLAR
    • Dünən, 21:22
    • 61

Fransanın daha bir RƏZİLLİYİ: Məktəblərdən başlayan SƏRXOŞLUQ... - ŞOK DETALLAR

Dünyada geridönüşü olmayan, kompensasiya şansı verilməyən ağır qərarlar adətən Avropanın “göbəyindən” çıxır. Rəzalət həddinə çatanda isə dərhal o hadisə və ya qərar inkar edilir. Daş atıb başlarını tuturlar ki, Roma papası əsla pişiklərin tamamilə məhv edilməsi üçün fətva verməyib, Fransa kraliçası “xalq çörək tapmayanda tort yesin” deməyib, Əlcəzairdə törədilən soyqırımın qurbanlarının kəllə sümükləri Fransada muzeydə sərgilənməyib. Bir sözlə, onlar “aydan arı, sudan durudurlar”. 


Son zamanların ciddi müzakirə mövzularından biri isə 20-ci əsrin ortalarında Fransa məktəblərində şagirdlərin alkoqollu içkiləri sərbəst şəkildə qəbul etmələridir.
 
SERXOS.jpeg (83 KB)
 
Alkoqolizm bu gün də Fransada çox ağır problemdir və artıq hökumət bu məsələnin həlli üçün “qollarını çirmələyib”. Belə ki, ölkədə hər il təxminən 41 min insan alkoqolun qurbanı olur.
 
“Fransa-24” xəbər verir ki, Fransa hökuməti 2019-cu ildə səfərbərlik elan edib və əsas hədəf başda alkoqollu içkilər olmaqla, cəmiyyətdə içki istehlakını azaltmaqdır. Hökumət məcburiyyət qarşısında qalaraq, heç olmasa gündəlik alkoqollu içki qəbulu miqdarını 2 qədəhə endirməyi tövsiyə edir. Lakin əhalinin həm yemək zamanı, həm də yeməksiz alkoqollu içki qəbul etməsi bu məsləhətə əməl etməyə mane olur.
 
Əslində əsas müzakirə mövzusu Fransa cəmiyyətinin bugünkü içki zövqü deyil. Qayıdaq 1956-cı ilə qədər Fransa məktəblərində uşaqların sərbəst formada içki qəbul etdiklərinə dair iddialara.
 
Kimlər bunu yayıb və bu deyilənlər öz təsdiqini tapıbmı?
 
İddialar 20-ci əsrin ortalarına aid olduğu deyilən bir fotonun sosial mediaların birində paylaşılması ilə başlayıb. Məsələni araşdırmaq üçün həm ingiliscə, həm də fransızca yazılan mənbələrə müraciət olunub. İngiliscə axtarılan mənbələrdə 1956-cı ilə qədər məktəblərdə uşaqların alkoqollu içki qəbul etmələri üçün heç bir maneə olmadığı qeyd olunur.
 
ALKOLE.jpeg (103 KB)
 
Mənbələr qeyd edir ki, valideynlər həm sağlamlıq, həm də onlara şüurlu içki qəbulunu aşılamaq üçün uşaqları alkoqollu içki qəbul etməyə sövq ediblər. Məktəblərin yeməkxanalarında sərbəst formada alkoqollu içkilərin olması ilə bərabər, valideynlərin də uşaqların nahar çantalarına belə içkilər qoyduqları yazılır.
 
Fransızca olan mənbələrə nəzər salsaq, görürük ki, Fransa Senatının mətbuat orqanı “Public Senat” adlı saytda 2017-ci ildə yazı dərc edib. Bu yazıda tarix boyu ölkədə alkoqola tətbiq edilən məhdudiyyətlərdən bəhs olunub.
 
Məqalədə qeyd olunub ki, ölkənin Təhsil Nazirliyi 1956-cı ildə məktəblərə əmr göndərib. Əmrə əsasən, 14 yaşına çatmayan uşaqlara məktəb yeməkxanasında alkoqollu içki satılması qadağan edilmişdi. 14 yaşdan yuxarı uşaqlar isə gündə bir dəfə suya qatılmış 125 millilitr alkoqollu içki gətirib içə bilərdilər.
 
İddiaları yenə fransız mənbələrindən araşdırmağa davam edirik. “Le Parisien”, “TF1 Info” və “Slate”dəki məlumatlar demək olar ki, iddiaları təsdiqləyir. “Le Parisien”in yayımladığı xəbərdə qeyd olunur ki, bu məsələ 1954-cü ildə aktual idi. Xəbərdə bildirilir ki, dönəmin baş naziri Pier Mendes 26 noyabr 1956-cı ildə yayımladığı nizamnamədə məktəbliləri süd içməyə təşviq edir. Eyni zamanda, o dövrün ən böyük probleminə çevrilməyə başlayan alkoqolizmlə mübarizə üçün “Alkoqolizm üzrə Araşdırma və Məlumat üzrə Ali Komitə” yaradılır. Bu qərarın verilməsini və komitənin yaradılmasını təsdiq edən kifayət qədər mənbə və mətbu orqan mövcuddur.
 
Başqa bir fransız media qurumu INA 1956-cı ilə aid reklam videosunu arxivdən çıxarıb “Youtube” platformasında yayımladı. Həmin video da məktəbliləri alkoqollu içkiləri tərgidib süd içməyə təşviq edir.
 
ALKOL SON.jpeg (64 KB)
 
Eyni iddiaları “Le Journal de Saone-et-Loire” adlı fransız qəzeti də öz yazılarında təsdiqləyir.
 
Fransanın rəsmi mətbu orqanları həm 1956-cı ildə imzalanan əmrləri, nizamnamələri, həm də 1981-ci ildə məktəblərdə alkoqollu içkilərin tamamilə qadağan olunmasını dərc ediblər.  Bu gün isə Fransada alkoqollu içki qəbulu yaşı 18-ə qaldırılıb.
 
Görəsən, Fransa məktəblərində sonuncu içki məclisi nə vaxt olub? “Sonuncu şam yeməyi”ndən öncə, yoxsa sonra? /Musavat.com/