Unudulmuş dadlar menyuya qayıdır - Qastroturizm inkişaf edir
    • Bu gün, 19:48
    • 47

Unudulmuş dadlar menyuya qayıdır - Qastroturizm inkişaf edir

Bakıda “Qərbi Azərbaycanın Qastronomiya Günü” adlı tədbiri keçirilib. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, ölkədə qastroturizmin inkişafı qurumun fəaliyyət istiqamətləri arasında xüsusi yer tutur. Sədr qeyd edib ki, regionlarda unudulmuş, qədim dadları üzə çıxarmaq, biomüxtəlifliyi qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq da qastroturizmin inkişafına daxildir. 

News24.az xəbər verir ki, Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda qastroturizmin inkişafı üçün potensial var:

“Turistlərə Azərbaycan mətbəxi maraqlıdır. Qastroturizm ölkəyə turist cəlbi üçün mühüm bir istiqamətdir, bunun inkişafına nail olmalıyıq. Səyahətin məqsədindən asılı olmayaraq ölkəyə gələn turist həmin yerin tarixi məkanları ilə də tanış olur, milli təamlarını da dadır. Milli yeməklərimizi turistlərə təqdim etməklə mətbəximizi tanıda bilərik. Bölgələrə məxsus bəzi yemək növləri var ki, unudulub, onları yenidən mətbəximizə qaytarmalı, rəngarənglik qatmalıyıq. Bu kimi tədbirlərin keçirilməsi unudulmuş yemıklərimizin üzə çıxarılması üçün yaxşı imkandır. Düşünürəm ki, bölgələrimizdə festivallar keçirməklə unudulmuş təamlarımızın təqdim edilməsinə, xatırlanmasına nail olmaq olar, bununla ölkədə qastroturizmin inkişafına imkanlar açmış olarıq, bölgə turizmi də daha da inkişaf edər. Unudulmuş yemıklərimiz təbliğ olunarsa, turistlərlə yanaşı, bölgələrdə, həmçinin paytaxtdakı restoranların menyusna da əlavə olunar və insanlarımız arasında rəğbət görər”.