Venesuelada seçki krizi: Ölənlər var
    • Dünən, 22:00
    • 41

Venesuelada seçki krizi: Ölənlər var

Cənubi Amerika ölkəsi Venesuelada prezident Nikolas Maduro seçkilərdə qalib gəldiyini elan etdikdən sonra etirazlar başlayıb.

News24.az xəbər verir ki, seçki rəsmiləri dünən Maduronun 51 faiz səslə üçüncü müddətə qalib gəldiyini və dörddə bir əsrlik sosialist hakimiyyətini uzatdığını açıqlayıblar.

Bununla belə, müxalifət bildirib ki, əldə etdiyi səslərin 73 faizi müxalifət namizədi Edmundo Qonzalesin Madurodan iki dəfə çox səslə "şərtsiz qələbə" qazandığını göstərib.

Müxalifət lideri Maria Corina Machado dünən axşam sosial şəbəkədə paylaşım edərək tərəfdarlarını yürüşə çağırıb.

Digər tərəfdən, hakim partiyadan olan millət vəkili və Maduronun kampaniya meneceri Xorxe Rodriges tərəfdarlarını hökuməti dəstəkləmək üçün Miraflores prezident sarayına yürüşlərə qoşulmağa çağırıb.

Qonzales zorakılığa qarşı xəbərdarlıq edib, Rodriges müxalifəti zorakılığa təhrik etməkdə ittiham edib.

Ölkədə ilk etirazlar bir gün əvvəl başlayıb.

Fəallarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edərkən, etirazlarda ən azı 11 nəfərin öldüyü, 84 nəfərin yaralandığı bildirilir.

Falcon əyalətinin paytaxtı Koroda etirazçılar keçmiş sosialist lider Uqo Çavesin heykəlini dağıdıblar.

Günel Məliikzadə