Almaniya sənayesi iflic vəziyyətinə düşür
    • Bu gün, 19:37
    • 61

Almaniya sənayesi iflic vəziyyətinə düşür

Almaniya sənayesi sifarişlərin olmaması və ixracın azalması fonunda artım templərinə görə siyahının sonunda yer alıb.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, enerji tutumlu sənayesi və xammal qıtlığı olan Almaniya enerji daşıyıcılarının qiymətinin sürətlə bahalaşmasından xüsusilə təsirlənib. BASF kimi böyük korporasiyalar zavodlarını bağlayır, çünki rəhbərlik artıq onun əsas kimyəvi maddələri səmərəli şəkildə istehsal edə biləcəyinə inanmır. Hazırda ölkədə sənayesizləşmə tendensiyası var.

VDMA sənaye assosiasiyasının məlumatına görə, 2024-cü ilin birinci yarısında alman maşınqayırma və mühəndislik şirkətlərindən gələn sifarişlərin həcmi 12 faiz azalıb. Almaniyanın özündən sifarişlərin həcmi daha kəskin – 18 faiz, xarici şirkətlərdən gələn sifarişlər isə 9 faiz aşağı düşüb. Metallurgiya korporasiyaları da böhran keçirir, çünki onların məhsullarına tələbat da azalır.

“Union Investment” səhmdar şirkətinin sözçüsü Arne Rautenberqin sözlərinə görə, sənaye istehsalında azalma tendensiyası 2017-ci ildən bəri davam edir. Hər ikinci şirkət təkcə yüksək enerji qiymətlərindən deyil, həm də ixtisaslı işçi qüvvəsinin olmamasından və bürokratik maneələrdən şikayətlənir.

“Deutsche Bank” analitik mərkəzindən Erik Heymann qeyd edir ki, bir tərəfdən siyasi uğursuzluqlar, digər tərəfdən isə iqtisadi dəyişikliklər Almaniya iqtisadiyyatını arxa plana keçirib.