Əməkhaqqını saathesabı necə almaq olar? - Qaydalar belədir
    • Bu gün, 18:09
    • 53

Əməkhaqqını saathesabı necə almaq olar? - Qaydalar belədir

Aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsinin müsbət tərəfləri gündəmə gətirilir. Bu qaydaların hansı nəticələr verəcəyi müzakirə mövzusudur. Əmək bazarında bunun effektiv olacağı ilə bağlı proqnozlar verilir.

News24.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı-ekspert Elşad Məmmədov minimum əməkhaqqının saatlar üzrə hesablanmasının əməkhaqqı fondunda köklü dəyişikliklərə səbəb olmayacağını bildirib.

O qeyd edib ki, sosial ödənişlərin artırılması iqtisadiyyatın müvafiq bazasına söykənir:

“İqtisadiyyatda hansısa keyfiyyət baxımından köklü dəyişikliklər olmadan, əməkhaqqı fondundan inqilabi yenilik gözləmək mümkün deyil. Ölkəmizdə sosial artımlar ardıcıl olaraq reallaşdırılır. Əhalinin sosial rifahının qorunması istiqamətində müvafiq işlər görülür. İnflyasiya və iqtisadi problemlərlə bağlı olan məsələlərin ölkə əhalisinin sosial durumuna ciddi təsirlərinin qarşısı alınır”.

Ekspert hesab edir ki, saatlıq minimum əməkhaqqının tətbiqi əhalinin sosial-iqtisadi durumunda köklü dəyişiklər yaratmayacaq:

“Amma saatlıq minimum əməkhaqqının hesablanmasının effektivliyi ilə bağlı gözləntilər fərqlidir. Əslində bu yanaşmalara getmək olar. Mürəkkəbləşən iqtisadiyyat fonunda ştatdankənar müqavilələr əsasında qısa müddətli əmək münasibətlərinin payı artır. Bu halda əmək münasibətlərinin qısa müddətli seqmentində saatlıq minimum əməkhaqqının tətbiqi efektiv ola bilər”.

Elşad Məmmədova görə, ştat və aylıq müvafiq saatlar üzrə əmək funksiyasını yerinə yetirən şəxslər üçün bunun müsbət dəyişikliklərə səbəb olacağını proqnozlaşdırmaq doğru deyil:

“Qısa müddətli əmək münasibətləri və müqavilələr çərçivəsində saatlıq minimum əməkhaqqının tətbiqi öz effektivliyini verə bilər. Beləliklə, işə qəbul olunan şəxslər sərf edəcəkləri əməyə görə hansı ödənişləri alacağını müəyyənləşdirmiş olar”.