“Uşaqlar bataqlığa düşə bilərlər” - Xəbərdaredici nişanlar quraşdırılmalıdır
    • Bu gün, 19:12
    • 77

“Uşaqlar bataqlığa düşə bilərlər” - Xəbərdaredici nişanlar quraşdırılmalıdır

Xəbər verdiyimiz kimi, paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində bir nəfər bataqlıqda batmaq təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində şəxsin həyatını xilas etmək mümkün olub. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Demokrat.az-a açıqlamasında deyib ki, bəzən insanlar ərazidə bataqlıqların olduğunu bilmirlər və təhlükəli vəziyyətlə üzləşirlər: 

“Buna görə də bataqlıq yerlərdən insanların xəbərdar olması üçün mütləq həmin ərazilərin ətrafında xəbərdaredici və məcburiyyət bildirən təhlükəsizlik nişanları quraşdırılmalı və yerləşdirilməlidir. 

Normativ tələblərə uyğun olaraq bataqlıqların ətrafının çəpərlənməsi vacib hesab olunur. Belə ki oraya uşaqlar, azyaşlılar bilmədən düşə bilərlər və bu da çox ağır nəticələrə gətirib çıxara bilər. Bundan əlavə olaraq bataqlıqlara dövlət qurumları tərəfindən nəzarət həyata keçirilməlidir. Bu tədbirlər təhlükəsizlik işlərinin həyata keçirilməsi və insanların bataqlıqlara düşüb xəsarət almasının qarşısını almaq məqsədilə maarifləndirici işlər aparmaqdan ibarət olmalıdır. Lakin bununla bağlı kifayət qədər məlumatlandırıcı işlər aparılmır. 

Bataqlığa düşən insan mütləq Fövqəladə Hallar Nazirliyinin “Qaynar Xətt”i ilə əlaqə saxlamalıdır, bunun üçün də nömrələr yazılan lövhə bataqlıqların kənarlarında yerləşdirilməlidir”.