-
- 21-08-2024, 16:50
- 708
"Kirayə mənzillər bahalaşacaq" — daha yüksək qiymətlər....
"Artıq kirayə mənzillər həm məhdudlaşıb, həm də qiymətləri bahalaşıb".
Bunu News24.az-a açıqlamasında, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.
Ekspert qeyd edib, kirayə mənzillərin qiymətlərinin bahalaşmasına təsir edən bir sıra amillər var:
"Bölgələrimizdən tələbə adını qazanıb paytaxta üz tutanlara kirayə mənzillər lazım olur. Bu da öz növbəsində tələbatı artırır. Tələbat artıqca qiymətlər də bahalaşır. Eyni zamanda, ölkəmiz iki mühüm tədbir - COP29 və Formula 1 astanasındadır. Bu tədbir və yarışma da kirayə bazarına öz təsirini göstərir. Həmçinin, mənzil sahibləri bazara əvvəl təklif elədikləri qiymətlərdən daha yüksək qiymətlər təklif edirlər. Bu da həm manatın alıcılıq qabiliyyəti, həm infilyasiya prosesi ilə, həm də bazarda baş verən qiymət artımı tendensiyası ilə bağlıdır. Qiymət artımı tendensiyası isə Rusiya-Ukrayna müharibəsi başlayan andan start götürülüb. Həm Rusiyada, həm Ukraynada olan soydaşlarımızın və müharibə ərazisindən uzaqlaşmaq istəyən digər vətəndaşların ölkəmizdə kirayə mənzil axtarışı ilə əlaqəli olub. Təbii ki, artım tendensiyası həmin dövrdən bu günə qədər davam etməkdədir. Hesab edirəm ki, bu proses davam edəcək və qiymət artımının yenə də şahidi olacağıq".
Günel Məlikzadə