Enerji içkilərini BOYKOT edin! - Həkimdən SOS
    • Dünən, 22:11
    • 70

Enerji içkilərini BOYKOT edin! - Həkimdən SOS

Bir neçə gün öncə Rusiyada iki banka enerji içkisi içən 12 yaşlı məktəblinin bədəninin yarısı iflic olub.

Məlumata görə, məktəbli enerji içkisi qəbul etdikdən sonra bir neçə gecə yata bilməyib, sonra onda şiddətli başağrısı başlayıb, sifəti əyilib, bədəninin yarısı keyiyib. Ona insultqabağı vəziyyət diaqnozu qoyulub. Həkimlər qeyd ediblər ki, valideynlərinin ayıq-sayıqlığı sayəsində uşağa vaxtında köməklik göstərmək mümkün olub. Şagird artıq evə qayıdıb və ailəsinə bir daha enerji içkiləri içməyəcəyinə söz verib. Həkimlər bildiriblər ki, uşaqların sinir sistemi hələ belə içkiləri içmək üçün kifayət qədər güclü deyil, ona görə də onların təsiri gözlənilməz ola bilər.

Onu da əlavə edək ki, ötən ay Rusiya Dövlət Duması uşaqlara enerji içkilərinin satışını qadağan edən qanun layihəsini ikinci oxunuşda qəbul edib. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, gənclər arasında hər ikinci insan enerji içkisi istehlak edir. Belə içkilərin zərəri həkimlər tərəfindən sübuta yetirilib.

Bundan əvvəl Dövlət Dumasının deputatları qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Terapevt və kardioloq Andrey Kondrakinin sözlərinə görə, enerji içkiləri içmək ürəyə və sinir sisteminə mənfi təsir edərək orqanizmin tükənməsinə səbəb olur.

Statistikaya əsasən, enerji içkilərini qəbul edənlərin 66 faizi 13-35 yaş arasında olan şəxslərdir.

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var. Kofeinin hesabına enerji içkiləri insanı bir müddət gümrah saxlayır, diqqətini daha yaxşı toplamasına kömək edir. Lakin enerji içkiləri hamilələrə, uşaqlara və yetkinlik yaşına çatmayanlara məsləhət görülmür. Bir litr enerji içkisində təxminən 150 milliqram kofein var.

Mütəxəssislərin araşdırmalarına görə, həddindən artıq kofein yuxu pozğunluğuna və xroniki yorğunluğa gətirib çıxarır. Eyni zamanda, enerji içkiləri insanlarda baş ağrısı, mədə-bağırsaq sistemi xəstəlikləri yarada bilir.

Enerji içkiləri psixoloji problemlərə də yol açır. Belə ki, enerji içkiləri asılılıq yaratmaqla gündəlik həyata mənfi təsir göstərir.

Enerji içkilərinin tərkibində şəkər var, bu da artıq çəki problemi yaradır. Danimarkada aparılan araşdırmalara görə, enerji içkilərinin mütəmadi qəbulu piylənmə və diabet riskini artırır.

Xüsusən idmandan sonra enerji içkilərindən uzaq durmaq tövsiyə olunur.

Mütəxəssislər enerji içkilərini təzyiqin qalxmasına, ürəkdə ritm pozğunluğuna və böyrək çatışmazlığına da səbəb ola bilmə ehtimalını istisna etmirlər.

Qeyd edək ki, Azərbaycanda da 2020-ci ildən etibarən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunub. Bununla belə, yeniyetmələrin və yaxud uşaqların enerji içkisi qəbul etdiyinin şahidi oluruq.

Diyetoloq-həkim Ləman Süleymanova mövzu ilə bağlı Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, enerji içkisi adı altında satılan bütün içkilər orqanizm üçün zərərli və təhlükəlidir:

“Ümumiyyətlə, müasir dövrümüzün “zəhərlərindən” biri enerji içkiləridir. Enerji içkisi adı altında satılan bütün içkilər orqanizm üçün zərərli və təhlükəlidir. Bu cür içkilər orqanizmdə olan irsi və yaxud xronoloji xəstəlikləri daha da sürətləndirir, bununla bağlı orqanları sıradan çıxarır. O cümlədən qaraciyərə dağıdıcı zərbə vurur, maddələr mübadiləsini zəiflədir, immuniteti aşağı salır.

Adətən enerji içkilərinin üz qabığında qeyd olunur ki, tərkibində müxtəlif vitaminlər, kofeinlər, şəkər, dadlandırıcılar, bitki mənşəli əlavələr, konservantlar var. Lakin tərkibi ilə bağlı qeyd olunmayan məsələlər də var. Məsələn, orada xüsusi maddələr var ki, orqanizmə dağıdıcı zərbə vurur. Həmçinin narkotik tərkibli maddələr də var ki, onların adları qeyd olunmur.

İşbazlar enerji içkilərini elə reklam edirlər ki, guya onu içəndə insanın əhval-ruhiyyəsi yüksəlir. Amma bu, illüziyadır. Psixoloji olaraq insanlarda elə bir fikir yaradırlar ki, bu cür içkiləri içən kimi əhval-ruhiyyə artır. İnsan bunu şüuraltı düşünür və içkini içməmişdən əvvəl artıq beynində bu düşüncə yaranır və elə hesab edir ki, içkini qəbul etdiyi üçün əhvalı yaxşılaşır, onda enerji yaranır. Sadəcə içkidə olan narkotik tərkibli maddə insanda müəyyən əhval yaradır, lakin iki saat sonra insan yenə özünü çox yorğun hiss edir və düşünür ki, yenidən enerji içkisi qəbul etsə, əhvalı yenidən yaxşılaşacaq. Beləliklə, insanda enerji içkisinə qarşı asılılıq yaranır.

Vaxtaşırı enerji içkisi qəbul edən insanları müşahidə edəndə görürük ki, onların üzündə qırışlar çoxdur, rəngi avazıyıb, halsızdır, saç və diş tökülmələri baş verir və sairə.

Gündə iki dəfə enerji içkisi qəbul etmək kifayətdir ki, 5 aydan sonra orqanizmdə ciddi problemlər əmələ gəlsin. Hansısa orqan sıradan çıxmağa başlayır, ortaya ciddi problemlər çıxır.

Dəfələrlə qeyd olunub ki, enerji içkiləri kişilərdə sonsuzluq, qadınlarda da ginekoloji problemlər, süd vəzi xərçəngi və digər problemlər yaradır.

Enerji içkiləri xüsusilə də uşaqların, yeniyetmələrin sümük əzələ sisteminə, beyin qan dövranına birbaşa ciddi zərbə vurur. O da məlumdur ki, bəzən vaxtı ötmüş enerji içkilərinin üzərindəki müddət tarixini dəyişib, yenidən satırlar ki, onlar daha zəhərli olur.

İndi dünyada gənclər arasında belə bir tendensiya yaranıb ki, onlar enerji içkisini alkoqol ilə qarışıdırb qəbul edirlər. Bu, həddindən artıq zərərlidir və hətta öldürücü ola bilir. Hesab edirəm ki, Rusiyada 12 yaşlı məktəblinin enerji içkisindən iflic vəziyyətə düşməsinin səbəbi ya onu alkoqol ilə birlikdə qəbul etməsi, ya da enerji içkisinin vaxtının ötməsi ilə əlaqədardır.

Çox təəssüf ki, Azərbaycanda enerji içkilərinin reklamı geniş şəkildə gedir. Bu, qətiyyən yolverilməzdir. Bir həkim, mütəxəssis olaraq tövsiyə edirəm ki, enerji içkilərini boykot edin. Bir dəfə qəbul etmək belə orqanizmə ziyandır. Öz orqanizminizi ilk olaraq özünüz qoruyun”.