Starlink-dən Braziliya QƏRARI
    • Dünən, 23:06
    • 91

Starlink-dən Braziliya QƏRARI

Starlink, X sosial media hesabından verdiyi açıqlamada, Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraesin ölkədə X-ə girişi əngəlləmək əmrinə əməl edəcəklərini açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamada şirkətin aktivlərinin dondurulması da daxil olmaqla “qanunsuz rəftar” tətbiq edildiyi qeyd edilib və “istifadəçilərin əlaqə saxlaması üçün mümkün olan hər şey edildiyi” bildirilib.

Bəyanatda aşağıdakılar qeyd olunub:

"Aktivlərimizin dondurulması ilə bağlı qeyri-qanuni rəftarından asılı olmayaraq, biz Braziliyada X-ə girişin qarşısını almaq əmrinə əməl edirik. Moraesin son əmrinin Braziliya konstitusiyasını pozduğu ilə razılaşan digərləri kimi, biz bütün hüquqi vasitələrə əl atmağa davam edirik."

Qeyd edək ki, Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı "çevriliş cəhdi" istintaqı çərçivəsində X-dən bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb edib. Tələb rədd edildikdən sonra məhkəmə X-ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib.

Şirkət Braziliyaya ayrılan vaxt ərzində qanuni nümayəndə təyin edə bilmədikdən sonra, Braziliya Ali Məhkəməsi keçən həftə X-ə "nümayəndə təyin olunana və cərimələr ödənilənə qədər" giriş qadağası qoyulduğunu elan edib.

Elon Musk həmçinin X-də belə paylaşıb: "İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim onu siyasi səbəblərdən məhv edir".

Məryəm İlhamqızı