“Nə eləyirsən, elə, ancaq mənfi halları görürlər ” - DYP-nin şöbə rəisi
    • 29-07-2019, 16:19
    • 687

“Nə eləyirsən, elə, ancaq mənfi halları görürlər ” - DYP-nin şöbə rəisi

Respublika yollarında qoyulmuş Yol Patrul Xidməti (YPX) avtomobillərinin maketləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əsasən də, sosial şəbəkələrdə bu yenilik ya tənqid edilir, ya da  məsxərəyə qoyulur. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev News24.az-a açıqlamasında bildirib ki, bütün dünya bu praktikadan istifadə edir və burada mənfi heç nə yoxdur: “Bunun sözsüz ki, yaxşı tərəflərini hiss edən insanlar da var. Elə kateqoriya insanlar var ki, heç nə ilə onları qane etmək olmur. Nə edirsən et, onlar ancaq mənfi tərəfini axtarırlar. Onlar eləklərimizə qulp qoymaqdansa, 
bizə dünya praktikasında olan yaxşı təcrübə ilə müraciət eləsinlər. Biz hər kəsin fikrinə hörmətlə yanaşırıq. Ən qabaqcıl təcrübədən istifadə etməyə də hazırıq. O ki qaldı gələcəkdə nə kimi səmərə verəcəyinə, biz bunu əvvəldən deyə bilmərik. Çünki bizim xidmətimiz belədir ki, kiminsə həyatını xilas edəndə, onun kimliyini bilmirik. Həkim xəstəni müalicə edir, nəticəsini görür. Biz də qabaqlayıcı tədbirləri ona görə edirik ki, qəzalar baş verməsin”.

K.Əliyev onu da əlavə edib ki, sözügedən maketlər sürücüləri məsuliyyətə cəlb etmək üçün deyil, təhlükəsizliyi təmin etmək məqsədi daşıyır: “Məqsəd sürücülərin yol hərəkəti qaydalarına riayət etməsinə nail olmaqdır. Yəni sürücülər həmin maşınları görəndə sürət həddini azaltsınlar, qayda pozuntusuna yol verməsinlər. Onu da nəzərə alsınlar ki, bu maketlərin yanında hər zaman həqiqi YPX maşınları və əməkdaşlarımız da ola bilər”.

Afaq Mirayiq