Azərbaycan opera səhnəsində BİR İLK -
    • 1-10-2019, 15:18
    • 978

Azərbaycan opera səhnəsində BİR İLK - "Məhsəti" operası 3D ilə təqdim olundu - FOTOLAR

18-30 sentyabr tarixləri ölkəmizdə bayram əhval-ruhiyyəli əlamətdar günlər kimi qeyd olunur. Əlbəttə ki, bu da səbəbsiz deyil. Artıq 11 ildir ki, Üzeyir bəyin adını daşıyan və ölkəmizə saysız-hesabsız musiqi kollektivlərini, musiqiçiləri cəlb edən XI Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il də festivalın repertuarı öz zənginliyi, fərqliliyi ilə bütün musiqisevərləri bir araya toplayıb.

News24.az 
bildirir ki, unudulmaz təəsüratları ilə yaddaşlara həkk olunan belə tədbirlərdən biri də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş etdirilən “Məhsəti” operasının premyerası oldu. Artıq uzun illər idi ki, ölkədə yeni opera yazılmamışdı və bu tamaşa musiqisevərlər tərəfindən səbirsizliklə gözlənilirdi. Tanınmış bəstəkar Pikə Axundovanın, libretto müəllifi Leyla Qədirzadənin birgə əməyi nəticəsində XII əsrdə yaşayıb-yaratmış Azərbaycanlı şairə Məhsəti Gəncəviyə həsr edilmiş bu opera elə məhz bu festival çərçivəsində öz təntənəsini yaşadı.

Tamaşanın ərsəyə gəlməsində həm Azərbaycan Televiziyası və Radiosunun kollektivlərini – Niyazi adına Simfonik Orkestri, Cahangir Cahangirov adına xor kollektivini, həm Bakı Xoreoqrafiya Akademiyasının tələbələrini, həmçinin bədii quruluşda əməyi olanları xüsusilə vurğulamaq lazımdır.
Tamaşanın diqqət çəkən məqamlarından biri Məhsəti obrazını canlandıran əməkdar artist İnarə Babayevanın eyni zamanda quruluşçu rejissor kimi əsərin bədii tərtibatında iştirak etməsi idi. İlk dəfə olaraq bu operada monitor vasitəsilə 3D texnikasından istifadə edilərək hər səhnəyə uyğun görüntülərin istifadə olunması əsrlərdən süzülüb gələn mövzuya müasir yanaşmanı ortaya qoyurdu. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun idarəsilə uzun müddətli məşqlərin və əməyin nəticəsi olaraq orkestr truppası öz üzərinə düşən məsuliyyəti uğurla həyata keçirdi. Həmçinin tamaşanın ərsəyə gəlməsində quruluşçu baletmeyster xalq artisti Təranə Muradova, xormeyster Şəhla Ələkbərova, geyim üzrə rəssam əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, quruluşçu rəssam Fərid Nəcəfov və videomühəndis Dmitri Morozovun da zəhməti və əməyi böyükdür.

Tamaşada əsas rolların ifaçıları əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva və məzmunun tam obrazlı şəkildə açılmasına müvəffəq oldular.

Tamaşada iştirak edən musiqi ictimaiyyətinin gurultulu alqışları premyeranın nə dərəcədə uğurlu keçməsini sübut edirdi. Həmçinin əməkdar artist Fərqanə Qasımova (xanəndə qız), Taleh Yəhyayev (Sultan Səncər), Fəhmin Əhmədli (vəzir), İlqar Məclumov (Nizami Gəncəvi), Fəxri Kazım Nicat (qasid) tamaşanın aydın şəkildə tamaşaçılara çatdırılmasında, obrazların daxili aləminin və hadisələrin kuliminasiya nöqtəsinə çataraq düyünün açılmasında mühüm rol oynayırdılar. Təbii ki, həmin gün qazanılan böyük  uğur və xoş təəssüratlar elə bu heyətin əməyi və səyi nəticəsində əldə olundu.

Əlbəttə ki, məhz Üzeyir Hacıbəylinin adını daşıyan festival ərəfəsində bu nümayişin baş tutması Azərbaycan musiqisinin hələ də Üzeyir bəy ənənələrinin ardınca getdiyinə bir işarədir. Sağlam sütunlu Azərbaycan bəstəkarlıq məktəbinin özülünü yaradan dahi bəstəkarın açdığı cığırla indiki orta və gənc nəsil bəstəkarlar da uğurla addımlayırlar.