Şəkixanova övladının gözü qarşısında BIÇAQLANDI
    • 28-01-2020, 12:18
    • 574

Şəkixanova övladının gözü qarşısında BIÇAQLANDI

Qusar rayonunda əri tərəfindən bıçaqlanan qadın yenidən məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Qusar rayon sakini Nübar Şəkixanova əri Zahir Abdurzayev barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə açılan işə Ali Məhkəmədə baxılmasını xahiş edib. Müraciətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi arvadını öldürməyə çalışan şəxsin psixi problemləri olduğunu əsas gətirərək onun həbsxanaya deyil, müalicəyə göndərilməsinə qərar verib. Apelyasiya Məhkəməsi də qadının əri barəsindəki müraciətini təmin etməyib və onun məcburi müalicə alması barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, ittihama görə Zahir Abdurzayev Qusar rayonu Quxur-oba kəndində anası Raifat Abdurzayevaya məxsus fərdi yaşayış evinin mətbəxində olarkən arvadı Şəkixanova Nubar Rəmixan qızı ilə mübahisə edib.
Buna səbəb Z.Abdurzayevin özünə məxsus torpağın satılması üçün arvadının onu təhrik etməsi olub.

Aralarında baş vermiş mübahisə zamanı o, Nubar Şəkixanovanı qəsdən öldürmək qərarına gəlib. Az yaşlı qızının gözü qarşısında onlara xüsusi iztirab və əzab verdiyini dərk edərək xüsusi amansızlıqla arvadı Nubar Şəkixanovaya əvvəl başından və bədəninin həyat üçün təhlükəli olan orqanlarından çoxsaylı yumruq-təpik zərbələri ilə vurub.

Zərbələrinin təsirindən yerə yıxılmış arvadını qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün mətbəxdən götürdüyü bıçaqla bir dəfə onun kürək, bir dəfə isə bel nahiyyəsindən zərbə endirib.
İttihama görə hadisə yerinə Zahir Abdurzayevin qardaşı Mahir Abdurzayev gəlib və cinayət əməlini başa çatdırmağa mane olub, bıçağı onun əlindən alıb.

Zərərçəkmiş Nubar Şəkixanova Bakı Ağır Cainyətlər Məhkəməsinin qərarından narazı qalıb. O, apellyasiya şikayəti verib və bildirib ki, istintaq zamanı keçirilmiş son ekspertizanın rəyinə əsasən ərinin cəmiyyət üçün təhlükəliyini nəzərə alaraq onun daha ciddi rejimli şəraitdə müalicə alması məsləhət görülüb. Amma məhkəmə əsassız olaraq əri barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə almasını təyin edib.
Bu şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.
Məhkəmə apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixatriya Xəstəxanasından məhkəməyə daxil olmuş məktubda qeyd olunub ki, Zahir Abdurzayevin hazırki psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir.

Cinayət işinin materiallarında olan stasionar məhkəmə-psixatrik ekspertizasının rəyinə görə Zahir Abdurzayevdə şizofreniya paranoid forma xroniki psixi xəstəlik müəyyən edilib. Belə olan halda Z.Abdurzayevdə psixi vəziyyətin dəyişikliyi, özünü qeyri-adekvat aparması, şübhə hissi keçirməsi, öz aləminə qapanması, gecələr yata bilməməsi kimi halla müşahidə olunur.
Məhkəmənin qərarına əsasən Abdurzayev öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna gorə də Z.Abdurzayev ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilib.

Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, Abdurzayev Zahir Mikayıl oğluna qarşı ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədə müvafiqdir.