Uşağa dini ad verməklə iş bitmir - İlahiyyatçılar DANIŞDI
    • 18-08-2020, 15:14
    • 1 302

Uşağa dini ad verməklə iş bitmir - İlahiyyatçılar DANIŞDI

Ötən gün bu ilin iyul ayında doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, iyul ayında doğumu qeydə alınmış oğlan uşaqlarına ən çox Yusif, Uğur, Əli, Hüseyn, Məhəmməd, Ömər, Murad adları qoyulub. Bildirilib ki, qız uşaqlarına isə Zəhra, Zeynəb, Aylin, Məryəm, Fatimə kimi adların verilməsi üstünlük təşkil edib. Siyahıya baxdıqda, əsasən, İslam dinində hər kəsin hörmət edib, sevdiyi, müqəddəs hesab edilən tarixi şəxsiyyətlərin adlarının ön plana keçdiyinə şahid oluruq. Uşaqlara dini adlar verilsə də, gələcəkdə neqativ bir şəxsiyyət kimi, cəmiyyətdə özlərinə yer tapanlar da olur. Bəs, görəsən, uşaqlara dini adların verilməsi onlara əlavə bir məsuliyyət yükləyirmi? Adların insan həyatına təsiri hansı formada özünü büruzə verir?

News24.az olaraq suallarımıza cavab tapmaq üçün din xadimlərinin bu məsələyə münasibətini öyrəndik.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli məsələylə bağlı News24.az-a açıqlamasında bildirib ki, valideynlər dini adlar verməklə övladlarına sosial məsuliyyət yükləyir və bunun fonunda fərdin həmin ada layiq şəxsiyyət kimi formalaşmasına tam nəzarət etməli və düzgün tərbiyələndirməlidirlər: “Ümumiyyətlə, biz müsəlman və dünyəvi ölkə olsaq da Azərbaycan xalqının özünün genofonundan gələn bir inanc var. Dini və milli kimliyin vəhdətini daşıyan inanclı Azərbaycan xalqının hər bir vətəndaşı istəyir ki, övladlarına əməlisaleh dini adlar və vətənin, dövlətin, bizlərin uğrunda canlarını fəda edən şəxslərin adlarını versinlər. Ancaq iş burasındadır ki, vətəndaşlarımız bu adların məsuliyyətini dərk etməlidir. Uşaqların dini kimliyi ilə bərabər fərdi kimliyini düşünən valideynlər bu nüansı xüsusi olaraq diqqətdə saxlamalıdır.  Qeyd edim ki, ad qoymaqla iş bitmir. Elə dəyərli, gözəl, İslam tarixində xüsusi yeri olan insanların adlarını daşıyan şəxslər var ki, nəinki sayılıb-seçilən, əksinə, qınaq obyektinə çevrilən şəxslər kimi cəmiyyətdə özlərinə mövqe tuturlar. Burada əsas məqam övladların vətənə əsil vətəndaş və mənəvi dəyərlərə hörmət edən bir fərd kimi formalaşmasına dəstək olmaqdır”. 

İlahiyyatçı Samir Əzizov hesab edir ki, adlar insanın həyatına müəyyən formada təsir edir: “İnsanlar öz ata-analarının adlarını övladına verməklə onların xatirəsini əziz və əbədi saxlamaq istəyirlər. Yaxud da özü üçün ideal bildiyi, qəhrəman obraz kimi beynində formalaşdırdığı bir şəxsin adını öz övladına qoyur. Bu adlar verilərkən valideynlər arzulayır ki, övladları həmin adlara layiq şəxsiyyət olaraq cəmiyyətdə yer tutsunlar. Adın insanın həyatına təsiri böyükdür. Zənnimcə, insan hansısa formada ona verilən adda olan elementləri daşıyır. Burada bir məsələ var ki, ad qoymaqla bərabər valideyn tarixdə dəyərli yeri olan şəxsiyyətin mənəvi keyfiyyətlərini əvvəlcə özü qavrayıb, mənimsəyib, daha sonra övladına həmin keyfiyyətləri aşılamalıdır. Yəni həmin xüsusiyyətlərinin daşıyıcısı olmaq əsas nüansdır. Övlad valideyninin əməllərinin güzgüsüdür. Pedaqogikada da elm adamları sübut edib ki, insanı formalaşdıran əsas amillərdən biri də irsi xüsusiyyətlərdir. Əgər insanı üç-dörd element formalaşdırırsa, onlardan biri də irsi xüsusiyyətlərdir. Övlada verilən dini ad və əməllər qarşılıqlı tandem təşkil etsə, gözəl olar”. 

İlahiyyatçı Elşad Miri bildirib ki, ad seçimi yox, fərdin şəxsi inkişafı önəmli detaldır: “Nə Yusif peyğəmbərin atası, nə də Məhəmməd peyğəmbər öz övladlarına ad verərkən dini kitablara müraciət edib. Bu adların hamısı peyğəmbərlərimizdən əvvəl də qoyulan adlar idi. Bir adamın ateist olduğu halda dini adı daşıması nəyisə daşımır. Bu adların övladlara verilməsi valideynlərin tam hüququdur. Əsas adın özü yox, mahiyyətidir. Yəni şəxsin necə formalaşması vacib mərhələdir. Məsələn, “Maykıl” adında biri İslamı qəbul edirsə, həmin şəxsin adını yenidən dəyişməyə ehtiyac yoxdur”. 

Məhərrəm Əliyev