Polisin Ombudsmanı cərimələməsi onun hüquqlarını pozmaqdır - Hüquqşünas AÇIQLADI
    • 23-08-2020, 15:01
    • 572

Polisin Ombudsmanı cərimələməsi onun hüquqlarını pozmaqdır - Hüquqşünas AÇIQLADI

“İnsan hüquqları üzrə müvəkkil haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunun 6-cı maddəsinin tələbinə əsasən, Ombudsmanın toxunulmazlıq hüququ var. Polisin Müvəkkili cərimələməsi onun toxunulmazlıq hüququ ilə tərs mütənasiblik təşkil edir”.

Bu sözləri News24.az-a açıqlamasında hüquqşünas Müşfiq Abbasov deyib. 

O bildirib ki, müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz:  

“Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Respublikası Baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir”.

Hüquqşünas əlavə edib ki, müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər: “Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir. 

Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra Müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu Qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir”.

M.Abbasovun sözlərinə görə, indiki halda insan hüquqları üzrə müvəkkilin polis tərəfindən İnzibati Xətaya görə, cərimə edilməsi qanunsuzdur: “Hətta qanunda Ombudsmanın məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb edilməsi istisna edilibsə, onun adi bir polis nəfəri tərəfindən İnzibati Xətaya görə, məsuliyyətə alınması düzgün deyil. 

Toxunulmazlıq hüququ şəxslərə deyil, onların tutduğu vəzifələrə görə müəyyən olunub. Polisin Müvəkkili cərimələməsi onun toxunulmazlıq hüququ ilə tərs mütənasiblik təşkil edir”.