Ruhi Əliyeva:
    • 22-02-2021, 17:19
    • 390

Ruhi Əliyeva: "Xocalı ağrısı və abidəsi...."

“Xocalı” adı daim bizə gecənin qaranlıq və soyuğunda qadın və uşaqların qorxu dolu baxışlarını, dəhşətli ürək çırpıntılarını və çarəsizliklərini anladacaq. Azərbaycan xalqının unuda bilməyəcəyi şiddət dolu bir gecə daim xatırlanacaq və heç bir zaman unudulmayacaq. Dünyada erməni vəhşiliyinin ən pik həddi özünü məhz Xocalıda göstərdi. Günahsiz körpə və qadınları amansız işgəncələrlə qətlə yetirənlər indi dünyəvilik, insanlıq və demokratiyadan necə danışa bilərlər? Bunun üçün sadəcə simasız və riyakar olmaq lazımdır". 

News24.az xəbər verir ki, bu cümlələri Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva Xocalı soyqırmının 29-cu ildönümü ərəfəsində qələmə alıb. R.Əliyeva qeyd edib ki, XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş cinayətdir: "Əgər Şuşa bizə mədəniyyətimizi, Ağdam döyüş ruhumuzu, Kəlbəcər təbiətin bizə bəxş etdiyi gözəlliyini xatırladırsa, Xocalı da faciəmizi yadımıza salacaq. Bu il Xocalı faciəsi qurbanları yenə Bakıda anılacaq. Cənab Ali Baş Komandan İlham Əliyevin Xocalı abidəsi qarşısında gözlənilən çıxışında bu faciəni törədənlərə və onların himayədarlarına tutarlı mesajlar verəcəyindən tam əminəm. 

Həmin abidənin Xocalıya aparılacağı günü hər bir azərbaycanlı kimi mən də gözləyirəm. İstəyimizə tam nail olmaq yolunda maneələr də olmasını yaxşı bilirik. Ali Baş Komandana içimizdə olan inam bizi daim nikbin saxlayır. O, hər şeyin zamanını bilir və ona uyğun hərəkət edir. Qısa müddətdə həmin abidənin Xocalıda olacağına əminəm. Ya düşmənlər və onların havadarları buna imkan verəcəklər, ya da “dəmir yumruq” növbəti dəfə başlarını əzəcək. Xocalı abidəsi Xocalıya gedəcək..."