"Atam, anam, qardaşlarım, bacım ailəsi ilə Xocalıda şəhid oldu" - 29 ilin bitməyən DƏHŞƏTİ - VİDEOREPORTAJ - FOTOLAR
    • 26-02-2021, 18:48
    • 610

"Atam, anam, qardaşlarım, bacım ailəsi ilə Xocalıda şəhid oldu" - 29 ilin bitməyən DƏHŞƏTİ - VİDEOREPORTAJ - FOTOLAR

Xocalı faciəsi - 29 illik Qan yaddaşımız... 

Hər il olduğu kimi bu il də böyükdən-kiçiyə hər kəs "Ana harayı" abidəsi önünə gələrək, faciə qurbanlarının xatirəsini yad edib, onların ruhlarına dualar oxuyublar. Amma bu dəfə ziyarət digərlərindən fərqli olub. 44 günlük İkinci Vətən müharibəsində Azərbaycan dövlətinin və Müzəffər Ordumuzun güclü iradəsi, sarsılmaz gücü sayəsində işğalda olan torpaqlarımız azad edildi. Elə məhz bu səbəbdən də ziyarətə gələnlərin hər birinin dilində bir ifadə səslənirdi. O da ki, "Nigaran qalmayın, sizin qisasınız alındı" sözləri idi. 

News24.az xəbər verir ki, "Ana harayı" abidəsini ziyarət edənlər arasında sadə vətəndaşlarla yanaşı, həmçinin də rəsmi şəxslər var idi. 


Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, baş nazirin müavini Əli Əhmədov Xocalı qurbanlarını yad edib: "Bu il Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsindəki böyük qələbədən sonra Xocalı qurbanlarını yad edir. Eyni zamanda həm Xocalı qətliamının nümunəsində, həm də erməni faşistlərinin törətdiyi digər faciələr nəticəsində bütün dünyada onların həqiqi sifəti ifşa olundu. Xocalı bizim qan yaddaşımızdır. Biz bütün dünyaya Xocalı soyqırımı ilə erməni faşistlərinin əsl üzünü ifşa edəcəyik. Bu dəhşətli faciəni heç vaxt unutmayacağıq. Bu, bizim qarşımızda duran əsas məsələlərdən biridir".

Ombudsman Səbinə Əliyeva da ziyarət də olan rəsmilərdən idi: "Hazırda Azərbaycanın istintaq orqanları Ermənistanın hərbi-siyasi rəhbərliyi barədə cinayət işi başlayıb. Xocalı sakinlərinə təzminat ödənilməsi barədə də işlər gedir".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkəcək: "Xocalı qətliamının günahkarları, insanlara qarşı vəhşilik törədənlər öz cəzalarını çəkməlidirlər. Artıq müzəffər Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa edib. İnşallah yaxın zamanda Xocalıdan didərgin düşən şəxslər öz torpaqlarına qayıdacaq. Xocalıda şəhid olanların da ruhu şad olacaq".

Bu faciəni ən dərindən hiss edənlər təbii ki, orda iştirak edənlərdir. Xocalı sakini Firuzə Musayeva yaşadığı acı məqamlardan danışıb: "Xocalıda doğulmuşam, oranın sakiniyəm. Atam, anam, qardaşlarım, bacım ailəsi ilə şəhid olublar. Bacımın həyat yoldaşı, oğlu hələ də itkindir, onalrı tapa bilmirik. Faciə zamanı yaşadığımız heç bir dəqiqəni, əzab-əziyəti unuda bilmirik. Bu, bizim üçün böyük faciə, dərddir".


Digər bir Xocalı sakini isə Murad Məhərrəmovdur. O da Xocalı soyqırımı zamanı yaxınlarını, əzizlərini itirib: "Xocalı faciəsinin miqyasını yalnız orda olanlar, o hadisələri yaxından yaşayanlar anlayıb, dərk edə bilər. Bütün hadisələr gözümün qabağında yaşanıb. Biz, o zamanlar Xocalının müdafiəsindəydik. Həmin faciədə də böyük qardaşım küçə döyüşlərində şəhid oldu. Ondan sonra beş uşaq atasız qaldı. Bu ilki ziyarət bizim üçün fərqlidir. Çox şükür ki, Cənab Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu bizə bir az da olsa təskinlik verdi".

Ağdam sakini Maya Rüstəmova deyir ki, Xocalı zamanı qətlə yetirilənlərin qisası alındı: "Bilmirəm ağlayım, yoxsa sevinim. Bu gün Xocalı faciəsi zamanı şəhid olan bütün insanların ruhları şaddır. Çünki cənab Prezident düşmənlərin cavabını verərək, onları yerinə otuzdurdular. Ermənilər vəhşidir, kökləri bilinmir. Onlar hamilə qadınlarımıza işgəncələr veriblər. Bunu da ancaq terrorçular və faşistlər edə bilər. Amma çox şükür ki, elə o gəlinlərin qisası alındı".

İkinci Qarabağ müharibəsinin veteranı Mobil Əhmədzadə Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edib: "Bu gün Xocalı faciəsindən 29 il ötür. 26 fevral tarixi düşmənin nə qədər vəhşi və amansız olduğunun sübutudur. Biz qətlə yetirilən qardaş-bacılarımızın qisasını aldıq, onların qanlarını yerdə qoymadıq və torpaqlarımızı işğaldan azad etdik".


Vətən müharibəsində Tarixi Qələbə qazanmağımıza baxmayaraq, Xocalı soyqırımını unuda bilmərik. Çünki, bu qətliam erməni xislətinin, vəhşiliyinin, barbarlığının sübutudur. 

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov