YAP niyə dəyişir və ya niyə dəyişməlidir? – Prezidentin yeni inkişaf kursunda hakim partiyanın yeri... – BİZİM ŞƏRH
    • 2-03-2021, 15:24
    • 3 328

YAP niyə dəyişir və ya niyə dəyişməlidir? – Prezidentin yeni inkişaf kursunda hakim partiyanın yeri... – BİZİM ŞƏRH

Əslində gözlənilməz heç nə baş vermir. Yeni Azərbaycan Partiyasının növbədənkənar Qurultayının keçiriləcəyini xeyli əvvəldən də proqnozlaşdıranlar var idi. Bu qənaətdə olanlar YAP-ın həm Siyasi Şurası, həm də İdarə Heyətinin tərkibinin partiya rəhbərliyindəki real vəziyyətlə ayaqlaşmaması faktna əsaslanırdılar. İddia olunurdu ki, idarəedici orqanlarda adı gedən şəxslərin böyük əksəriyyəti nəinki partiya işindən, ümumiyyətlə ölkənin ictimai-siyasi həyatından uzaqlaşıblar və bu səbəbdən də hakim partiyanın rəhbərliyində dəyişikliklər, ali orqanların tərkibinin yenilənməsi qaçılmaz olacaq.
 
YAP Siyasi Şurası və İdarə Heyətinin hazırkı tərkibinə diqqət yetirdikdə, doğrudan da hakim partiyanın əvvəlki çevik idarəçilik imkanlarının xeyli zəiflədiyi barədə deyilənlərlə razılaşmamaq olmur. Adıçəkilən hər iki orqanın tərkibində yer alan əksər şəxslər YAP-ın dayaqlarının möhkəmlənməsi, daha da şaxələnməsi istiqamətində görülən işlərdə və ümumiyyətlə partiyanın təbliğatı yönündə həyata keçirilən tədbirlərdə hər hansı iştirak payına malik deyillər. Yalnız adları qalıb - üzlərini belə görmək müşgül məsələdir. Quru adlar isə indi heç kəsə lazım deyil – nə dövlətə, nə də hakim partiyanın öz üzvlərinə...
 
Ölkədə bütün sahələr üzrə islahatlar aparılır. Dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan dinamik inkişafın növbəti fazasına keçid alıb. Demək olar ki, bütün qurumlarda, idarə və müəssisələrdə çevik idarəçilik müxanizmləri yaradılır, bütün sahələrdə innovativ yanaşmalar müşahidə olunur. Müasir dünya görüşünə, yüksək intellektə malik enerjili gənclərin irəli çəkilməsi, məsul vəzifələrə təyin olunması da ölkədə aparılan islahatların qabarıq görünən hissəsidir. Bütün bu sadalanan yeniliklər mənzərəsində YAP demək olar ki, görünməz haldadır. Bu vəziyyət isə ölkədə aparılan islahatların prinsiplərinə və dövlət başçısının elan etdiyi çağırışlara uyğun deyil. Əslində bu gün hakim partiya tamam başqa görkəmdə, tamam başqa əhval-ruhiyyədə olmalı idi. Xüsən Vəyən müharibəsində əldə etdiyimiz qələbənin – Qarabağın işğaldan azad olunması gerçəkiliyinin yaratdığı yeni inkişaf imkanları, hakim partiyanın da üzərinə yeni vəzifələr qoyur ki, bu vəzifələrin icrası da, yeni yanaşmalar, çevik idarəçi komanda və müasir dövrün tələblərinə cavab verən iş nümunələri tələb edir. İçində böyük həvəsi və enerjisi olan kadrlara ehtiyac duyulur. Əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın fəaliyyəti, onun özünün qazanmış olduğu dünya şöhrətinə, dünya səviyyəli lider keyfiyyətlərinə və heyrətamiz ümumxalq sevgisi ilə əhatələnmiş rəhbər kimi malik olduğu yüksək göstəricilərə uyğun olmalıdır. Görünən odur ki, YAP-ın hazırkı rəhbər heyəti ölkədə aparılan islahatların ruhuna və inkişafın tempinə tərs mütənasibdir. 
 
Odur ki...
 
... Hakim partiyanın ali orqanlarının, müasir çağırışlara, Prezident İlham Əliyevin elan etdiyi yeni inkişaf kursuna, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın müasir dünya görüşünə, yeni idarəçilik modelləri qurmaq təcrübəsinə və yaratdığı xalqa xidmət nümunələrinə adekvat olacaq tərkibdə formalaşdırılmasına tarixi zərurət yaranıb.
 
Gözləyək, martın 5-nə bir şey qalmayıb...
 
News24.Az