Rəmiş dəfn olunub - FOTO/VİDEO - YENİLƏNİB
    • 6-04-2021, 12:40
    • 446

Rəmiş dəfn olunub - FOTO/VİDEO - YENİLƏNİB

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) dəfn olunub.

News24.az xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

11:49

Ötən gün vəfat edən tanınmış musiqiçi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) son mənzilə yola salınır.

News24.az xəbər verir ki, mərhumun cənazəsi 1 saylı Kliniki Tibbi Mərkəzdən götürülərək dəfn olunması üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

Rəmişlə ayrıca vida mərasimi keçirilməyəcək. Mərhumun ailə üzvləri, sənət dostları xəstəxananın qarşısına toplanıb. Xalq artistinin cənazə namazı xəstəxananın həyətində qılınıb.

Xatırladaq ki, 77 yaşlı Rəmiş aprelin 5-də müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişib.

Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Dəfn mərasiminə bir sıra tanınmış şəxslər də qatılıb. 

Əməkdar artist Təyyar Bayramov Rafiq Hüseynovla bağlı bunları deyib:

“Rəmişin musiqiləri ilə böyümüşük. Onunla bir səhnəni bölüşmüşük. Rəmiş çox etibarlı insan idi. Sonuncu dəfə Mənsum müəllimlə yanına ziyarətə getdik. Mənsum müəllim onu Ağdama aparacağını dedi. Güllü ilə hər gün danışırdım. 1 həftə qabaq Rəmiş mənimlə çox rahat danışdı. Rəmişin vəfatından üç-dörd gün əvvəl Güllü dedi ki, vəziyyəti yaxşı deyil. Rəmişin virusa yoluxmasını həkimlər deyirlər. Mən o dərəcədə bilmirəm. Bizə məlumat verildi ki, o, virusa yoluxub. Allah rəhmət eləsin”.

Xalq artisti Mənsum İbrahimov Rafiq Hüseynovla bağlı xatirələrini bölüşərkən bu fikirləri bildirib:

"Rəmiş ipə-sapa yatmayan, azad fikirli biri olub. O, bir dərya idi. Xalqın qəlbində hər zaman yaşayacaq. Heç vaxt unudula bilməz. Rəmiş Qarabağın, Ağdamın simvolu idi. Çox təəssüf edirəm ki, Ağdamı görə bilmədi. Təxminən bir ay öncə həmkarım Təyyar Bayramovla icazə alıb, onu ziyarətə getdik. Danışa bilmirdi, amma huşu özündə idi. Mən ona deyəndə ki, Ağdama getmək istəyirsənsə, aparım səni. Qalx ayağa gedək deyəndə gözləri doldu. Amma hər halda eşitdi ki, Ağdam alınıb. Doğulduğu torpağa getməyi çox istəyirdi. Ruhu şad olsun. Xalqın Rəmişə çox böyük sevgisi var idi. Ağdamda keçirilən yubileyimə gəlmişdi. Üç mindən çox adamın olduğu stadiona girəndə hamı ayağa qalxdı. Qeyri-xasiyyəti, sənəti onun özəlliyi idi".

Sevda Bayramova
Fərid Şabanov