“Buna Azərbaycanı HEÇ KİM məcbur edə bilməz...” - ŞƏRH
    • 15-07-2021, 17:10
    • 475

“Buna Azərbaycanı HEÇ KİM məcbur edə bilməz...” - ŞƏRH

Ermənistan 10 noyabr atəşkəs bəyanatının şərtlərini artıq dəfələrlə pozub. Son hadisə kimi, dünən və bu gün gecə saatlarında Şuşa şəhəri ətrafındakı mövqelərimizin atıcı silahlardan atəşə tutlmasını qeyd edə bilərik. Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. 

Ortaya sual çıxır: Bu təxribatlara, provikasiyalara nə vaxt son qoyulacaq və təxribatlar nədən qaynaqlanır?

Siyasi ekspert Elçin Mirzəbəyli məsələni News24.az-a şərh edib.

O bildirib ki, Ermənistanın təxribatlarının ardıcıllığına diqqət yetirsək, iki nüans məlum olur: “İlk olaraq bu təxribatlar Ermənistanın daxili siyasətinə hesablanıb. Həm Nikol Paşinyan, həm də onun opponentləri Azərbaycanın işğaldan azad edilən əraziləri üzərindən daxilə mesajlar verməyə çalışırlar. Bir tərəf ittiham edir, digər tərəf isə bunun qarşılığında müəyyən prosesləri kompensasiya etmək üçün bəyanatlar verib, məqsədyönlü şəkildə atəşkəsi pozmağa çalışır. Digər amil isə xarici faktorlarla bağlıdır. Xüsusilə, Şuşa istiqamətində atəşkəsin pozulmasının arxasında bu amillər dayanır. Məlum olduğu kimi, proses Şuşa bəyyanəməsindən və xarici ölkələrin səfirlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə -  Şuşaya səfəri və 3 ölkənin Minsk qrupunun fərsiz nümayəndələrinin bu səfərə imtina etməsindən sonra başladı. ABŞ və Fransanın sifarişi ilə Şuşa bəyannaməsinə münasibətdə Ermənistanın revanşist addımları nəzərə çarpır. Orada da məqsəd Minsk qrupunun mövcudluğunu sübuta yetirmək və prosesdə hər hansısa bir formada iştirakını təmin etməkdən ibarətdir. Ermənistan himayəçilərinə güvənərək, açıq şəkildə mesaj verməyə çalışır ki, münaqişə başa çatmayıb. Əgər münaqişə bitməyibsə, ATƏT-in Minsk qrupu mandatına uyğun olaraq bu prosesdə iştirak etməlidir”. 

Ekspert vurğulayıb ki, Azərbaycan tərəfindən provikasiyalara, təxribatlara qarşı adekvat addımlar atılmaqda davam edir: “Dünya 3 ölkədən ibarət deyil. Bu 3 ölkənin vaxtilə iştirakı ilə BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr uzun illər ərzində yerinə yetmədi. Nəticədə Azərbaycan özü bunu etdi. Onların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz ərazilərində antiterror əməliyyatları keçirərək, öz xalqına, dövlətinə, torpağına, ərazisinə, mülki vətəndaşlarına qarşı yönəlmiş təzyiqlərin qarşısını ala bilər. Heç bir ölkə bu məsələyə münasibət bildirə bilməz. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Ermənistanın məğlubiyyəti nəticəsində yaranmış reallıqları beynəlxalq birlik artıq qəbul edib”. 

Siyasət şöbəsi