Bakıda metronun içindəki aptekdə ŞOK HADİSƏ – Satıcı qıza hücum edən şəxs...
    • 17-11-2021, 15:43
    • 988

Bakıda metronun içindəki aptekdə ŞOK HADİSƏ – Satıcı qıza hücum edən şəxs...

Bu il iyulun 13-ü günorta saatlarında Bakı Metropoliteninin 20 Yanvar stansiyasında baş vermiş Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Vüqar Məmmədov barəsində Cinayət Məcəlləsininn 180.1-ci (soyğunçuluğa cəhd) maddəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Vüqarın həmin gün metronun daxili ərazisi sayılan keçiddə - vestibülün qapısının yanındakı “Zeytun” aptekdə satıcı işləyən Fəridəni soymaq istəyib.

O, keçiddə olarkən pul ələ keçirmək niyyəti ilə aptekə yaxınlaşıb. Təqsirləndirilən şəxs hadisə barədə bunları deyib: 

“Əvvəllər qaynaqçı kimi günəmüzd işləmişəm, lakin son zamanlar pandemiya ilə əlaqədar olaraq sifarişlər azaldığından dolana bilməmişəm, maddi vəziyyətim pis olub. Buna görə də çox maddi və mənəvi sıxıntı keçirərək stres keçirmişəm. 13 iyul 2021-ci il tarixdə iş axtarmaq məqsədi ilə evdən çıxdım, Bakı metropoliteninin 20 yanvar metrostansiyasının yeraltı keçidinə düşərək orada olan “Zeytun” aptekin qarşısından keçdikdə məndə tamah niyyəti yarandı. Aptekin qarşısında bir neçə saniyə dayanıb sağa sola baxdım, niyətimi həyata keçirmək üçün əlverişli zəmin yaranmasını və orada olan digər müştərilərin aptekdən uzaqlaşmasını gözlədim. Müştərilər getdikdən sonra orada heç kim olmadığından aptekin pəncərəsinə yaxınlaşdım. Satıcıya yaxınlaşaraq onu şübhələndirməyəcək tərzdə xahiş edərək 20 (iyirmi) manat pulumu xırdalamasını xahiş etdim, həmin an Fəridəyə iyirmi manat pulu göstərmədim və ona təqdim etmədim. Fəridə mənə kassada xırda olmadığı üçün iyirmi manatı xırdalaya bilmədiyini bildirdi. Mən də heç olmasa on manat xırdalamasını xahiş etdim, Fəridə razılaşaraq, iki ədəd beş manatlıq halında xırdalaya biləcəyini bildirdi, kassadan iki ədəd beş manatlıq əsginazı götürüb mənə uzadaraq gözlədi. Əllərimi cibimə salaraq guya cibimdən həmin on manatı çıxarmam barədə yalandan görüntü yaratdım ki, Fəridə talama niyətimdən şübhələnməsin. Birdən ani olaraq cəld halda sol əlimi pəncərədən içəri salaraq Fəridənin əlində olan həmin iki ədəd beş manatlıq əsginazları dartıb ələ keçirdim, sağ tərəfə çevrilib yeraltı keçidlə "Azərsu" ASC-nin inzibati binası istiqamətinə təxminən 3-4 metr qaçdım”.

Hadisə vaxtı satıcı qız qışqıraraq insanları və polisi köməyə çağırıb. Soyğunçuluq etmiş şəxs elə keçiddəcə oradakı şəxslər tərəfindən tutularaq polisə təqdim edilib.

Məhkəmə təqsirləndirilən şəxsin ilk cinayət əməli törətməsini, azyaşlı övladlarının olmasını və zərərçəkənin ona yüngül cəza təyin etməklə bağlı xahişini nəzərə alaraq ona 2 il 2 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Həmçinin təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, Bakı şəhəri ərazisini tərk etməməli, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır. Bundan başqa təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.