Azərbaycanda səhər evdən çıxıb işə gedən şəxslər dəhşət yaşadı – ÖLƏNLAR VAR
    • 27-01-2022, 13:51
    • 660

Azərbaycanda səhər evdən çıxıb işə gedən şəxslər dəhşət yaşadı – ÖLƏNLAR VAR

Bir neçə ay əvvəl Tovuz rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

News24.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İman Dadaşovun sədrliyi ilə keçirilən məhkəmə prosesində idarə etdiyi “Mercedes 190” markalı avtomobillə ağır qəza törədən Tovuzun Dondar Quşçu kənd sakini, 1962-ci il təvəllüdlü Zakir Vəliyevin ümumiyyətlə sürücülük vəsiqəsinin olmadığı məlum olub.

Belə ki, sürücülük hüququ olmayan və Şəmkirin Çaparlı kəndindəki istixanada işləyən Z.Vəliyev 5 min manat verərək köhnə “Mercedes” alıb.

O, həyat yoldaşı və kənd sakini olan Kamal Sarıyev, Nurlan Qasımov və daha bir şəxslə birgə 2 iyul 2021-ci il tarixdə, saat 06 radələrində Şəmkir rayonu, Çaparlı kəndinə getmək üçün yola çıxıb. Belə ki, həmin şəxslər də Z.Vəliyev kimi Şəmkirdəki istixanalarda işləyib dolanışıqlarını təmin ediblər və sübh tezdən birgə yola çıxıblar. Lakin Tovuzdan Şəmkirə gedərkən yolda Z.Vəliyev maşının idarəetməsini itirib. Maşın əvvəlcə dirəyə, sonra isə ağaca çırpılıb. Nəticədə sərnişinlərdən Kamal Sarıyev və Nurlan Qasımov aldıqları xəsarətlərdən vəfat edib. Sürücünü xanımı və daha bir sərnişin isə xəsarət alıb. 

Dəhşətli qəzaya səbəb olan sürücü Cinayət Məcəlləsinin 263-1.4-cü ( yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - 2 və ya daha çox şəxin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə Z.Vəliyev qeyd edilən maddə üzrə əməli törətməkdə təqsirli bilinərək 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilib və sürücü yanvarın 19-da məhkəmə zalında həbs edilib.