Birinci “Davamlı İnkişaf Məktəbi” layihəsi başa çatıb - FOTO
    • 23-04-2022, 15:49
    • 411

Birinci “Davamlı İnkişaf Məktəbi” layihəsi başa çatıb - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən həyata keçirilən və ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib.

News24.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bu layihənin Birliyin yenilənmiş heyəti tərəfindən həyata keçirilən ilk böyük layihə olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, ilk dəfə partiya sıralarında təmsil olunan gənclərlə yanaşı, bitərəf gənclər də bu layihəyə cəlb edilib. Burada əsas məqsədin partiya və bitərəf gənclərinin arasında kommunikasiya yaratmaq olduğunu bildirən B.İslamov 150-ə yaxın gəncin layihədə iştirak hüququ qazandığını deyib.

Bildirilib ki, layihənin əsas məqsədi bitərəf gənclərlə partiya gəncləri arasında sağlam, düzgün əlaqəni qurmaqdır. YAP-ın VII Qurultayından sonra partiyanın qarşısına qoyulan məqsədlərdən biri də sıralarında olan gəncləri bütün Azərbaycan gənclərinin birliyi olaraq formalaşdırmaqdır.

Bağlanış mərasimində çıxış edən YAP Gənclər Birliyinin üzvü, layihənin koordinatoru Ülviyyə Axundova layihənin gənclərin ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən dövlət idarəçiliyi sahələrində nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsi üçün mühüm proqram olduğunu bildirib. O, iştirakçıların hər birinə uğurlar arzu edib.