“Tullantısız Dünya” qlobal proqramı Qəbələdə -FOTO
    • 7-06-2022, 18:13
    • 257

“Tullantısız Dünya” qlobal proqramı Qəbələdə -FOTO

6 iyun tarixində Qəbələ şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində icra olunacaq “Təmiz Qəbələ” layihəsinə start verilib.

 News24.az-a verilən məlumata görə, qlobal proqram "Coca-Cola" şirkətinin "Tullantısız Dünya" strategiyası çərçivəsində icra olunur. Strategiyaya əsasən şirkət 2030-cu ilədək dünya bazarında təqdim etdiyi hər məhsulun qablaşdırmasını təkrar emala göndərməyi hədəfləyir.

"Coca-Cola" Fondunun dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə həyata keçirilən layihə növbəti mərhələlərdə  Sumqayıt, Mingəçevir və Quba şəhərlərində təşkil ediləcək.

“Tullantısız Dünya” proqramının icra olunmasında məqsəd plastik tullantıları toplayıb təkrar emala yönəltməkdir.  2022-ci ilin sonuna qədər proqram çərçivəsində 300 ton plastikin toplanılaraq təkrar emala cəlb edilməsi planlaşdırılır. Sözügedən regionlarda yığımı həyata keçirmək üçün "ASAN xidmət" mərkəzlərinə iri həcmli tullantı qutuları yerləşirilib. Bununla yanaşı yığım prosesinə qeyd olunan regionlarda təhsil müəssisələri və müxtəlif obyeklərin də cəlb olunması planlaşdırılır.

Eyni zamanda, layihə çərçivəsində yığım işi ilə yanaşı əhali arasında təbliğat işləri və ekoloji rəy sorğuları da keçiriləcək. Layihə üzrə sorğu və maarifləndirmə işinin məqsədi əhali arasında təkrar emalla və tullantıların çeşidlənməsi ilə bağlı məlumatlılığın artırılması, eləcə də onların çeşidləmə ilə bağlı təkliflərini toplamaq və bu dinamikanı ilbəil izləməkdir. Pilot olaraq plastiklərin toplanmasını ehtiva edən bu layihə gələcəkdə digər qablaşdırma tullantılarının da toplanmasını və təkrar emala göndərilməsini planlaşdırır.

Qəbələ “ASAN xidmət” mərkəzində baş tutan tədbirdə könlüllülərə  “Ətraf mühitin mühafizəsi və təkrar emal mövzusunda” seminar təşkil olunub. Seminarda gənclər təlimçi-ekoloq tərəfindən ekoloji istiqamətdə və plastiklərin ətraf mühitə mənfi təsirləri, onların aradan qaldırılması ilə bağlı məlumatlandırılıblar.