“Azərbaycana qarşı təxribatlar ARTACAQ” - ŞƏRH
    • 26-12-2022, 13:13
    • 189

“Azərbaycana qarşı təxribatlar ARTACAQ” - ŞƏRH

“Ermənistan, bu ölkəyə dəstək verən ölkələr, o cümlədən, erməni diasporu və lobbisi Laçın yolundakı aksiyanın dayandırılması məqsədilə Bakıya qarşı total hücuma keçib. Bu həftə beynəlxalq səviyyədə növbəti cəhdlər ediləcək, o cümlədən, MDB dövlət başçılarının sammitində Rusiya məsələni yoluna qoymağa çalışacaq”.

Bunu News24.az-a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, bu cəhdlər Bakının mövqeyinə təsir etməyəcək: “Yaxud Azərbaycan mütləq tələblərinin müəyyən hissəsi yerinə yetirilmədiyi müddətdə geri addım atmayacaq. Prezident İlham Əliyecin ötən həftə verdiyi mesajlar da bu fikri gücləndirir”.

A.Nərimanlı əlavə edib ki, hadisələrin daha da gərginləşəcəyi ehtimalı daha böyükdür: “Çünki Bakı öz mövqeyindən geri çəkilmir, aksiya iştirakçılarını dəstəkləyir, buna paralel olaraq, Ermənistan və dəstəkçiləri Azərbaycanla “güc yolu” ilə danışmağa cəhd edir. Bu baxımdan, prosesin yaxın günlərdə başa çatmayacağı aydındır. Fikrimcə, Laçın yolundakı aksiya iştirakçıları şüarlarını daha da genişləndirə bilərlər. Tələbləri təkcə ekoloji terrorla bağlı yox, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan bayrağının dalğalandırılması ola bilər. Təbii ki, bu prosesdə bizə qarşı təxribat addımları da olacaq, həm ermənilər, həm sülhməramlılar, həm də Avropada erməni diasporu, lobbisi əlindən gələni edəcək. Qərbdəki şəbəkə Bakıya təzyiq məqsədilə əlaqələrini işə salaraq, Azərbaycan daxilində də bu və ya digər məsələ ilə bağlı aksiyalar keçirilməsinə cəhdlər edə bilər”.